Keniya Respublikasının Eldoret şəhərində yerləşən Mediheal xəstəxanasında həyata keçirilən qanunsuz orqan transplantasiyası əməliyyatlarında azərbaycanlı donorların da iştirakı üzə çıxıb.
Bu fakt Almaniyanın nüfuzlu media qurumları – Der Spiegel, ZDF və Deutsche Welle tərəfindən aparılan ortaq jurnalist araşdırması nəticəsində məlum olub. Araşdırmalara əsasən, Almaniya və İsrail kimi ölkələrdən olan imkanlı pasiyentlər üçün böyrək donorları əsasən Azərbaycan, Qazaxıstan və Pakistan vətəndaşları arasından seçilir.
Ən narahatedici məqam isə ondan ibarətdir ki, sənədlərdə bu şəxslər pasiyentlərin “yaxın qohumları” kimi göstərilir, halbuki əksəriyyəti ümumiyyətlə əlaqəli şəxslər deyil. Donorların bir hissəsi hələ yetkinlik yaşına çatmayıb və çox zaman ingilis dilini bilmədiklərindən sənədləri riskləri anlamadan imzalayırlar.
Bu əməliyyatlar donorların sağlamlıq və hüquqlarının nəzərə alınmadan icra edilməsi ilə qlobal cinayətkar şəbəkənin bir hissəsinə çevrilmişdir. Qanunsuz transplantasiyalar nəticəsində milyonlarla dollar gəlir əldə olunur və bu fəaliyyət bir neçə ölkəni əhatə edir.
Almaniyada donor çatışmazlığı problemi
Almaniyada böyrək donoru çatışmazlığı səbəbindən transplantasiya üçün gözləmə siyahısında 10 000-dən çox insan var. Gözləmə müddəti isə bəzən 8-10 ilədək uzanır. Məhz bu səbəbdən bir çox alman vətəndaşı ölkədən kənarda alternativ – lakin qanunsuz – yollar axtarmağa başlayır.
Onlardan biri, Bavariya əyalətinin Qunzenhauzen şəhərindən olan 57 yaşlı Sabine Fişer-Kuqler olub. Onun böyrək donoru 24 yaşlı Azərbaycan vətəndaşı idi. Sənədlərdə əməliyyat “tam ödənişsiz” kimi qeyd olunsa da, Sabine jurnalistlərə bildirib ki, Mediheal vasitəçi agentliyinə 100 000 – 200 000 ABŞ dolları arasında ödəniş edib.
Beynəlxalq əlaqəli şəbəkə və cavabsız suallar
Mediheal xəstəxanasının rəhbəri və təsisçisi, hind əsilli sabiq deputat Svarup Mişra hal-hazırda Keniya Dövlət Peyvənd İnstitutunun (BioVax) başçısıdır və eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatında ölkəsini təmsil edir. Barəsində dəfələrlə orqan alverində ittihamlar səslənsə də, Mişra media sorğularını cavabsız qoyub.
Hazırda Azərbaycan da daxil olmaqla, bu əməliyyatlara cəlb edilən ölkələrdən olan donorlar ciddi sağlamlıq problemləri ilə üzləşir, bir çoxu isə bu prosesdən sonra psixoloji travma yaşayır.





