Dünən COP29 Sammiti çərçivəsində Bakıda ABŞ və Çin arasında Azərbaycanın ev sahibliyi ilə üçtərəfli danışıqlar təşkil edilib.
The Washington Post-un sammiti işıqlandıran müxbirinin məlumatına görə, danışıqların məqsədi qlobal istixana qazlarının, o cümlədən metan və azot oksidi emissiyalarının azaldılması səylərinə dəstək yollarının tapılmasıdır.
CO₂ planetin atmosferində ən geniş yayılan istixana qazı olsa da, bu, qlobal temperatur artımına səbəb olan yeganə amil deyil. Xüsusilə, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, sənaye inqilabından bəri qlobal istiləşmənin təxminən üçdə birinə metan məsuliyyət daşıyır.
ABŞ, metan emissiyalarını kəskin azaltmağa dair öhdəliklər qəbul etməsi üçün metan emissiyalarının ən böyük mənbəyi olan Çinə təzyiq göstərib.
Lakin Çin bu vaxta qədər metanla bağlı qlobal öhdəlikləri imzalamayıb. Bu öhdəliyi imzalayan ölkələr sırasında Kanada, Fransa, Almaniya, Nigeriya və Pakistan var. Lakin Rusiya və Hindistan kimi böyük metan emissiya edən bəzi ölkələr də hələ qoşulmayıb.
Çin metan emissiyalarını məhdudlaşdırmaq üçün milli hədəf qoymasa da, bu ay ölkə kömür hasilatı sektorunda qaz sızmalarının qarşısını almağı hədəf qoyub.
Bununla yanaşı, ABŞ-ın öz metan emissiyalarını azaltma öhdəliklərini yerinə yetirib-yetirməyəcəyi də sual altındadır, çünki Donald Trampın prezidentliyə qayıdışı ilə ABŞ-ın Paris İqlim Sazişindən çıxması gözlənilir.
Lakin Bayden administrasiyası öz səlahiyyətlərinin bitməsindən əvvəl ilk dəfə olaraq neft-qaz şirkətlərinin metan emissiyalarına görə vergi ödəməsini təsdiqləyib. Bu qaydaların təsdiqi COP29 Sammitinin ikinci gününə təsadüf etdi.
ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəhbəri Maykl Riqan, “yeni federal ödənişlərin” neft-qaz sektorunda səmərəliliyi artıracağını və ABŞ-ın dünya arenasında liderliyini möhkəmləndirəcəyini vurğuladı.
ABŞ-ın ən böyük metan mənbəyi olan neft-qaz sənayesində metan skvajalar, borular və anbarlardan sızır. Metan həmçinin kənd təsərrüfatı sahələri və bataqlıq ərazilərdə mikroorqanizmlər tərəfindən sərbəst buraxılır.
Prezident Baydenin iqlim qanunu – İnflyasiyanın Azaldılması Aktı – Agentliyə iri neft-qaz obyektlərindən metan emissiyalarına görə vergi toplamağa səlahiyyət verir. Əgər ödəniş 2035-ci ilə qədər qüvvədə qalsa, bu, atmosferə təxminən 1,2 milyon ton metanın daxil olmasının qarşısını alacaq, bu da təxminən 8 milyon benzinlə işləyən avtomobilin yoldan çıxarılmasına bərabərdir.