Bağırsaq sağlamlığı təkcə həzm sistemi üçün deyil, ümumi uzunömürlülük və immun sisteminin gücləndirilməsi üçün də əsas amillərdən biridir. Son araşdırmalar göstərir ki, müxtəlif və balanslı mikrobioma malik olan insanlar daha sağlam və uzun ömürlü olurlar.
Diyetoloq Debora Mörfinin fikrincə, bir çoxumuzun gündəlik həyatında olan bəzi zərərsiz görünən vərdişlər əslində bağırsaqlarımıza böyük ziyan vurur. Budur, bağırsaq mikroflorasına mənfi təsir edən 10 belə vərdiş:
1. Hər gün eyni qidaları yemək
Bağırsaq mikrobiomu üçün müxtəliflik əsas şərtdir. Hər gün eyni qidaları yemək mikroorqanizm zənginliyini azaldır. Daha çox bitki mənşəli, minimal işlənmiş qidalara üstünlük verilməlidir.
2. Əsas yeməkləri atlayıb qəlyanaltılara üstünlük vermək
Gecə gec saatlarda yemək və ya gün boyu ara-sıra qəlyanaltı etmək bağırsağın bərpasına mane olur. Həzm sisteminə istirahət vermək vacibdir — daimi işləmək onun yüklənməsinə və pozulmasına gətirib çıxarır.
3. Xroniki stress
Stress, bağırsağın hərəkətliliyini pozur, epitel baryerini zəiflədir, bu isə immun sisteminin reaksiyasına səbəb olur. Nəticədə bağırsaq mikrobiomu pozulur və iltihablı xəstəliklərə zəmin yaranır.
4. Az lifli qidalanma
Ən sadə, amma ən təsirli addım — daha çox lif istehlak etməkdir. Təəssüf ki, dünya əhalisinin 90%-i bu qaydaya əməl etmir.
5. Artıq mövcud olan problemləri görməzdən gəlmək
Qəbizlik, ishal, köp, qaz, qida qəbulu sonrası narahatlıq — normal deyil. Bu əlamətləri vaxtında müalicə etmək gələcəkdə daha ciddi xəstəliklərin qarşısını ala bilər.
6. Fermentləşdirilmiş qidaların çatışmazlığı
Kombuça, yoqurt, kələm turşusu, kimçi kimi fermentləşdirilmiş məhsullar bədəndə probiotik balansı qoruyur, bağırsaq divarını gücləndirir və iltihab əleyhinə təsir göstərir.
7. Tez-tez dərman qəbulu, xüsusilə antibiotiklər
Hər zaman ehtiyac olmadan antibiotik istifadəsi faydalı bakteriyaları öldürür, bağırsaq mikrobiomunu zəiflədir və bağırsağın vaxtından əvvəl qocalmasına səbəb ola bilər.
8. Az hərəkətlilik (hipodinamika)
Fiziki aktivlik yalnız əzələləri deyil, bağırsağın da fəaliyyətini stimullaşdırır. İdman, mikrobiomun tarazlanmasına da kömək edir.
9. Alkoqolun həddən artıq istifadəsi
Vaxtaşırı içkilər problem yaratmaya bilər, lakin alkoqolun müntəzəm və çox miqdarda istifadəsi xroniki iltihablara və bağırsaq divarının zədələnməsinə səbəb ola bilər.
10. Yuxusuzluq və keyfiyyətsiz yuxu
Araşdırmalar göstərir ki, bağırsaq sağlamlığı ilə yuxu arasında sıx əlaqə var. Keyfiyyətli yuxu — sağlam mikrobiom deməkdir.
Bağırsaq sağlamlığını qorumaq üçün bu vərdişlərdən imtina etməyə çalışın, qidalanma və həyat tərzinizi tənzimləyin. Mikrobiom nə qədər sağlam olarsa, sizin də rifahınız və uzunömürlülüyünüz o qədər yüksək olacaq.





