May ayında Bakının daşınmaz əmlak bazarında qiymət artımı davam edib. Aparılan qiymətləndirmələr göstərir ki, həm mənzil, həm torpaq, həm də kommersiya obyektləri seqmentində bahalaşma qeydə alınıb. Mütəxəssislərin fikrincə, bazardakı aktivlik investisiya marağının yüksəlməsi, tikinti layihələrinin genişlənməsi və şəhərətrafı ərazilərə tələbin artması ilə bağlıdır.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Orucun sözlərinə görə, ən yüksək artım torpaq bazarında müşahidə olunub. Hesablamalara əsasən, may ayında torpaq sahələrinin orta qiyməti 2,4%, yeni tikili mənzillər 1%, köhnə tikililər 1,5%, “kotlovan” mərhələsində olan layihələr 1,6%, qeyri-yaşayış obyektləri 1,5%, fərdi yaşayış evləri isə 1,4% bahalaşıb.
Ən çox hansı rayonlarda bahalaşma qeydə alınıb?
Torpaq bazarında lider Xəzər rayonu olub. Burada qiymətlər bir ay ərzində 3,6% yüksəlib. Sonrakı pillələrdə Sabunçu (3,1%), Suraxanı (2,9%), Binəqədi (2,7%) və Qaradağ (2,5%) qərarlaşıb.
Yeni tikili mənzillərdə ən yüksək artım Səbail rayonunda qeydə alınıb:
- Səbail – 1,4%
- Yasamal – 1,3%
- Nəsimi – 1,3%
- Nərimanov – 1,2%
- Xətai – 1,2%
- Pirallahı – 0,5%
Köhnə tikili mənzillər bazarında da Səbail rayonu ön sırada yer alıb. Burada qiymətlər 2% yüksəlib. Nəsimi rayonunda artım 1,9%, Yasamalda 1,8%, Binəqədi və Nizami rayonlarında isə 1,7% olub.
Torpaq və fərdi evlər investorlara daha çox qazanc vəd edir
Tikintinin ilkin mərhələsində olan layihələrdə də mərkəzi rayonlar üstünlük təşkil edib. Səbaildə qiymətlər 2,3%, Nəsimidə 2,2%, Yasamalda 2,1% artıb. Qeyri-yaşayış obyektləri bazarında isə ən yüksək dinamika Səbail (2,1%) və Nəsimi (2%) rayonlarında müşahidə olunub.
Fərdi yaşayış evləri seqmentində Xəzər rayonu yenidən lider olub. Burada qiymətlər 2%, Sabunçuda 1,8%, Binəqədi və Suraxanıda 1,7% bahalaşıb.
Mövcud göstəricilər onu deməyə əsas verir ki, mərkəzi rayonlarda mənzil və kommersiya obyektlərinə maraq yüksək olaraq qalır. Şəhərətrafı ərazilərdə isə torpaq sahələri və fərdi evlər daha sürətli bahalaşır. Ekspertlərin qənaətinə görə, hazırkı tendensiya davam edərsə, ilin sonuna qədər torpaq bazarı və “kotlovan” mərhələsindəki layihələr investorlar üçün ən cəlbedici istiqamətlərdən biri olaraq qalacaq.







