Xalq artisti Tünzalə Ağayeva yaradıcılığında daha bir yeniliyə imza atıb. Müğənninin bir neçə gün əvvəl anons etdiyi “Sevgi Ehtirası” adlı yeni mahnısı və ona çəkilmiş klip artıq təqdim olunub.
Musiqi layihəsi həm mahnının məzmunu, həm də klipin hazırlanma texnologiyası baxımından diqqət çəkir. Pop musiqisinin tanınmış siması bu dəfə tamaşaçıların qarşısına fərqli və innovativ formatda çıxıb.
Süni intellektlə hazırlanan ilk layihələrdən biri
“Sevgi Ehtirası” mahnısının sözləri və musiqisi İsmayıl Əliyevə məxsusdur. Aranjiman, miks və mastering işləri Emin Kərimov tərəfindən həyata keçirilib. Musiqi yazısında Eldəniz Kərimov elektro gitara, Caner Güneys isə gitara ifası ilə iştirak edib.
Layihənin ən diqqətçəkən tərəfi isə videoklipin hazırlanma prosesidir. Klip üçün ssenari tamamilə süni intellekt texnologiyalarından istifadə edilməklə yaradılıb. Videoda Tünzalə Ağayevanın 2024-cü ildə çəkilmiş fotosessiyasından istifadə olunub və nəticədə klassik musiqi videolarından fərqlənən vizual iş ortaya çıxıb.
Klipdə istifadə edilən görüntülər Zirva.ai platformasının ən yeni Seedance 2.0 modeli vasitəsilə hazırlanıb. Bu texnologiyadan beynəlxalq musiqi sənayesində də istifadə olunur. Layihənin Azərbaycanda bu formatda təqdim edilən ilk işlərdən biri olduğu bildirilir.
Videoklipin rejissorları Fəqan Əsədov, İlham Şükürlü və Məmməd Quliyevdir. Ssenari üzrə rəssam Faridə Qasımova çalışıb. Klipdə istifadə olunan geyimlərin müəllifi Zümrüd Mirzəliyeva, stilist isə Elnarə De Birbuet olub. Layihənin rəhbəri funksiyasını Yalçın Cabbarov yerinə yetirib.
Yeni iş ilə Tünzalə Ağayeva həm musiqidə, həm də vizual təqdimatda müasir texnologiyaların imkanlarını nümayş etdirərək dinləyicilərinə fərqli bir təcrübə təqdim edib.





