Oktyabrın 2-də VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin yekunları böyük təntənə ilə elan edilib. Tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da iştirak etmişdir.
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə bildirib ki, bu müsabiqə 2013-cü ildən başlayaraq hər iki ildə bir dəfə təşkil edilir. İlk müsabiqədə 20 ölkədən 100-dən çox layihə təqdim olunmuşdu, hazırkı yarışmada isə 40 ölkədən 270 layihə iştirak edib. O, müsabiqənin Beynəlxalq Memarlar İttifaqının ən nüfuzlu beş müsabiqəsindən biri olduğunu vurğulayıb. Münsiflər heyətinin beş nəfərdən ibarət olduğunu, onlardan dördünün dünya memarlığı sahəsində tanınmış xarici ekspertlər olduğunu qeyd edib. Müsabiqə yeddi nominasiya üzrə keçirilib və mötəbər status daşıyır.
Mədəniyyət naziri Adil Kərimli tədbirdə çıxış edərək Azərbaycanın memarlıq sahəsində inkişafına diqqət çəkib. O bildirib ki, dünyanın tanınmış memarları iki ildən bir Bakıya toplaşaraq memarlıqla bağlı əsas məsələləri müzakirə edir və bu sahənin inkişafına töhfə verirlər. Nazir Prezident İlham Əliyevin memarlıq sahəsinə dayanıqlı dəstək verdiyini, Birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət sahəsində, xüsusilə memarlıqda mühüm rol oynadığını vurğulayıb. Həmçinin, Leyla xanım Əliyeva və Arzu xanım Əliyevanın mədəniyyət xadimləri və memarların ən yaxın dostları olduğunu bildirib.
Müsabiqənin beynəlxalq münsiflər heyəti Azərbaycan Memarlar İttifaqının ali mükafatı olan akademik Mikayıl Hüseynov xatirə medalına layiq görülüb.
Yekun mərhələdə hər nominasiya üzrə ilk üç yerin qalibləri mükafatlandırılıb. Tədbir bədii proqramla davam etdirilib.





