Mart ayından etibarən davam edən tikinti prosesi əsasən pit və komanda binalarında cəmlənib. Bakı Şəhər Halqasının tikinti şöbəsinin meneceri Sübhan Manafzadə bu barədə jurnalistlərə “Formula-1” üzrə builki Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində keçirilmiş media turu zamanı məlumat verib.
Daylinews-az.com xəbər verir ki, Manafzadə görülən işlərin gedişatından danışaraq bildirib:
“Olduğumuz ərazidə tikinti hissəsinin 80 faizini tamamlamışıq. Avqustda ümumi trasın tikinti işlərinə başlamağı planlaşdırırıq. Bu, əvvəlki illərlə müqayisədə 12 həftədən 6 həftəyə endirilib. Nəqliyyatın hərəkətinə maneə yaratmamaq üçün vaxtı maksimum qısaltmağa çalışmışıq. Ümumilikdə fərqli sahələr üzrə 1 500-1 700 aralığında insan işlərə cəlb olunub. Ötən il azarkeş tribunasında oturacaqların sayı 18 mindən 20 minədək yüksəldilib.”
Sentyabrın 19-dan 21-dək baş tutacaq Azərbaycan Qran-prisinə hazırlıq işlərinin planlı şəkildə davam etdiyi qeyd olunub. Tikinti və təşkilati proseslərdə iştirak edən işçi qüvvəsinin sayı isə 1 700 nəfərə yaxın təşkil edir.





