Bakının Ağ şəhər ərazisində inşa ediləcək yeni park dostluğun simvolu olacaq. İyulun 2-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Özbəkistan” adlı parkın təməlatma mərasimində iştirak ediblər.
Daylinews-az.com xəbər verir ki, parkın ümumi sahəsi beş hektar təşkil edəcək və onun unikal cəhəti – Özbəkistanın coğrafi xəritəsi formasında salınmasıdır.
Layihə çərçivəsində park ərazisində bir sıra sosial-mədəni obyektlərin tikintisi planlaşdırılır:
- Muzey və kinoteatr – ölkələrin mədəniyyətlərini təqdim etmək məqsədilə;
- Amfiteatr və qüllə – açıq səhnə tədbirləri və panoramik görüntü üçün;
- Milli mətbəx restoranları və kafelər – Özbəkistanın kulinariya nümunələrinin təqdimatı üçün;
- Ticarət zonası, suvenir mağazaları və zoopark – istirahət və alış-veriş imkanları üçün;
- Mehmanxana – qonaqların parkda daha uzun müddət rahatlıqla qalması üçün.
Bu layihə iki qardaş ölkə – Azərbaycan və Özbəkistan arasında dostluq və mədəni əlaqələrin möhkəmləndirilməsinə yönəlib və paytaxt Bakının yeni simvollarından birinə çevriləcək.





