Azərbaycanda “Rus Evi”nin fəaliyyətinə son qoyulub. Bu qərar Azərbaycan hakimiyyəti tərəfindən rəsmi şəkildə Rusiyanın “Rossotrudniçestvo” təşkilatına bildirilib.
Daylinews-Az xəbər verir ki, “Rossotrudniçestvo” beynəlxalq aləmdə Rusiyanın “yumşaq güc” strategiyasının əsas alətlərindən biri hesab olunur. Lakin Azərbaycanda bu təşkilatın fəaliyyətinin casusluq fəaliyyəti ilə əlaqəli ola biləcəyi ehtimal edilir.
Qanun pozuntuları və bağlanma qərarı
Azərbaycanda “Rus Evi”nin bağlanmasının əsas səbəblərindən biri onun rəsmi qeydiyyatının olmaması və reklam qanunvericiliyinin tələblərinə uyğun gəlməməsidir.
Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) araşdırmalar zamanı “Rus Evi”nin lövhəsində Azərbaycan Respublikasının “Reklam haqqında” və “Dövlət dili haqqında” qanunlarının pozulduğunu aşkar edib. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə, “Rus Evi”nin Azərbaycanda hüquqi şəxs kimi qeydiyyatdan keçmədiyini və buna görə də onun fəaliyyətinin dayandırıldığını açıqlayıb.
Rusiya tərəfinin reaksiyası
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, Moskva “Rus Evi”nin Bakıda yenidən qeydiyyata alınması üçün lazımi addımları atmağa hazırdır.





