EvCəmiyyətBakıda yeni nəqliyyat arteriyasının tikintisinə start verildi

Bakıda yeni nəqliyyat arteriyasının tikintisinə start verildi

Bakıda akademik Həsən Əliyev küçəsini “Koroğlu” metrosu ilə birləşdirəcək yeni avtomobil yolunun tikintisinə başlanılıb. İşlər Həsən Əliyev və Muzaffər Nərimanov küçələri arasındakı hissədə aparılır.

Dövlət Avtomobil Yolları Agentliyi yeni yolun 3,9 km uzunluğunda və 6 zolaqlı olacağını bildirib. Magistral Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel uzanacaq. Layihə çərçivəsində dörd tunel (ümumi uzunluğu 2 210 metr) və üç piyada keçidi (112 metr) inşa ediləcək.

Yeni yol Xəlil Rza Ulutürk və Muzaffər Nərimanov küçələrinin kəsişməsindən, “Ulduz” metro stansiyasının yaxınlığından başlayaraq, 1 240 metrlik tunellə mövcud metro və dəmir yolu xətlərinin altından keçməklə Ələsgər Qayıbov küçəsinə qədər uzanacaq. Daha sonra Əliyar Əliyev küçəsi və Yusif Vəzir Çəmənzəminli küçəsi boyunca hərəkət edərək, Əhməd Rəcəbli küçəsinin kəsişməsinə çatacaq. Buradan 550 metrlik tunellə Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin dairəsinə birləşəcək.

Hazırda layihənin həyata keçirilməsi üçün kommunikasiyaların köçürülməsi, maneələrin aradan qaldırılması, torpaq qazıntıları və bünövrə işləri aparılır. Ələsgər Qayıbov küçəsində, “Bakıxanov” metrosunun yaxınlığında və Əliyar Əliyev küçəsində müəyyən hissələrdə tikinti hazırlıq işləri görülüb.

Layihənin həyata keçirilməsi üçün yaşayış və qeyri-yaşayış obyektlərinə qanunvericiliyə uyğun kompensasiya ödənilib və binaların sökülməsinə başlanılıb. Həmçinin peşə məktəbində yaşayan 20 ailənin köçürülməsi üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edilib.

Tikinti prosesində ətraf mühitə təsirin minimuma endirilməsi və yaşıllıqların qorunması məqsədilə monitorinqlər aparılır. Yaşıllıq sahələrinin köçürülməsi və yeni ağacların əkilməsi üçün xüsusi plan hazırlanır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər