Azərbaycan Ağır Atletika Federasiyası regionlarda idmanın inkişafı istiqamətində yeni addımlar atmağa davam edir. Federasiya tərəfindən ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən idman məktəbləri və klubların müasir avadanlıqlarla təmin olunması prosesi genişləndirilib.
Layihə çərçivəsində federasiyaya müraciət edən müəssisələrə xüsusi bölgü əsasında ağır atletika inventarları təqdim edilir. Məqsəd regionlarda məşq imkanlarını artırmaq və gənc idmançıların peşəkar hazırlıq şəraitini yaxşılaşdırmaqdır.
Rayonlarda məşq prosesi gücləndirilir
Artıq bir sıra bölgələrdə avadanlıqların çatdırılması başa çatıb və həmin mərkəzlərdə məşqlər aktiv şəkildə davam etdirilir. Yeni inventarlarla təmin olunan zallarda həm yeniyetmələr, həm də peşəkar idmançılar hazırlıq keçirlər.
Cəlilabad Rayon Uşaq-Gənclər İdman Məktəbində, eləcə də şəhid Umud Qasımzadənin adını daşıyan ağır atletika klubunda hazırlıq prosesinin daha intensiv şəkildə təşkil olunduğu bildirilir. Mütəxəssislər hesab edir ki, regionlarda yaradılan yeni imkanlar gələcəkdə milli komandaya daha çox istedadlı idmançının cəlb olunmasına şərait yaradacaq.
Federasiya yaxın günlərdə Bakı və Sumqayıtda fəaliyyət göstərən idman məktəblərinin də yeni inventarlarla təmin olunacağını açıqlayıb. Son illərdə ağır atletikaya marağın artması səbəbindən məşq bazalarının yenilənməsi prioritet istiqamətlərdən biri hesab olunur.





