Azərbaycanda tətbiq olunan Boloniya təhsil sistemi tələbələrə ali təhsili normativ müddətdən daha tez başa vurmaq imkanı yaradır. Mövcud qaydalara əsasən, müəyyən akademik göstəricilərə malik tələbələr əlavə kredit və fənlər götürərək 4 illik bakalavr təhsilini daha qısa müddətdə tamamlaya bilirlər.
Mütəxəssislərin sözlərinə görə, bu imkan xüsusilə yüksək nəticə göstərən və akademik yükü idarə edə bilən tələbələr üçün nəzərdə tutulub. Sistem çərçivəsində tələbələr yuxarı kurslara aid dərsləri əvvəlcədən seçə və beləliklə kreditlərini daha tez toplaya bilirlər.
“Üstdən dərs almaq” necə işləyir?
Təhsil eksperti Adil Vəliyev bildirib ki, tələbə ikinci və ya üçüncü kursdan başlayaraq özündən yuxarı kursların fənlərini seçə bilər. Bu mexanizm ali məktəblərdə “üstdən dərs almaq” kimi tanınır.
Ekspertin sözlərinə görə, tələbə əlavə kreditləri uğurla tamamladığı halda təhsil müddətini bir ilədək azaltmaq şansı qazanır:
“Boloniya sistemi tələbəyə daha çevik təhsil imkanları yaradır. Akademik göstəriciləri yüksək olan tələbələr əlavə fənlər götürərək proqramı daha tez başa vura bilirlər”.
Bununla yanaşı, bəzi hallarda tələbələrin paralel şəkildə iki ixtisas üzrə təhsil alması da mümkündür. Oxşar proqramlara malik sahələrdə əlavə dərslərin seçilməsi nəticəsində tələbə eyni müddətdə iki diplom əldə edə bilər.
Erkən məzuniyyət hansı üstünlükləri yaradır?
Mütəxəssislər hesab edir ki, təhsilin daha tez başa çatdırılması gənclərin əmək bazarına erkən daxil olmasına imkan verir. Bu isə həm iş təcrübəsinin daha tez qazanılması, həm də karyera inkişafı baxımından vacib üstünlük sayılır.
Son illərdə universitetlərdə kredit sisteminin daha çevik tətbiqi tələbələrin fərdi təhsil planı qurmasına da şərait yaradıb.





