“Bu qarşılaşma “Tottenhem”in qələbəsi ilə başa çatmalıdır.”
Daylinews-az.com xəbər verir ki, bu fikirləri İngiltərə millisinin sabiq futbolçusu Co Koul bildirib.
Karyerası ərzində “Çelsi”, “Liverpul”, “Vest Hem” və digər tanınmış klublarda çıxış etmiş 43 yaşlı veteran futbolçu Avropa Liqasının “Tottenhem” – “Qarabağ” oyunu ilə bağlı proqnozlarını açıqlayıb: “Qarabağ”ın bir neçə il əvvəl Çempionlar Liqasında oynadığını xatırlayıram. Onlar Avropa Liqası və Konfrans Liqasına daha uyğun gəlirdilər. “Qarabağ” yaxşı komandadır, amma Çempionlar Liqası səviyyəsinə uyğun gəlmir. Bu, onlar üçün çətin vəzifədir. “Tottenhem” isə son oyununda yaxşı nəticə qazandı. Baş məşqçi Ange Postekoqlu oyundan razı qaldı, baxmayaraq ki, komandada hələ zəif nöqtələr var. Amma düşünürəm ki, “Tottenhem” bu oyunda asan qələbə qazanacaq.”
Co Koul, həmçinin, “Qarabağ”ın bu oyunda qol vurmayacağını düşündüyünü bildirib və “Tottenhem”in heyətində fərqlənəcək futbolçu kimi Dominik Solankenin adını çəkib: “Mən düşünmürəm ki, “Qarabağ” bu oyunda qol vursun. Solanke son bir ildə ən çox inkişaf edən futbolçulardan biridir və bu matçda qol vurmaq şansı yüksəkdir.”
Xatırladaq ki, sabah Londonda baş tutacaq “Tottenhem” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.