Nazirlər Kabinetinin qəbul etdiyi yeni qərar yaşayış binalarında istilik sistemlərinə dair qaydaları dəyişib. Qərara əsasən, yalnız 5 mərtəbəyə qədər olan binalarda fərdi istilik sistemlərinin – yəni kombilərin quraşdırılmasına icazə veriləcək. Daha hündür yaşayış binalarında isə mərkəzləşdirilmiş istilik sistemləri və ya alternativ olaraq elektrik əsaslı isitmə vasitələrindən istifadə nəzərdə tutulur.
Bu dəyişikliklər əsasən yeni tikililərə aiddir və şəhərsalma standartlarının təkmilləşdirilməsi, enerji səmərəliliyinin artırılması və təhlükəsizlik risklərinin azaldılması məqsədi daşıyır. Bununla yanaşı, qərarın mövcud binalara təsiri ilə bağlı müzakirələr davam edir və bu məsələ cəmiyyətdə suallar doğurur.
Mövcud binalarda vəziyyət necə olacaq?
Məsələ ilə bağlı açıqlama verən millət vəkili Naqif Həmzəyev bildirib ki, qəbul olunan qərar əvvəlcədən tikilmiş binalara şamil edilmir. Onun sözlərinə görə, hazırda istifadə olunan fərdi istilik sistemləri əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.
Deputat qeyd edib ki, yalnız texniki və təhlükəsizlik normaları pozulduğu halda müvafiq yoxlamalar aparıla bilər: “Yüksəkmərtəbəli binaların mərkəzi istilik sisteminə keçirilməsi hər yerdə mümkün deyil. Bəzi binalarda qazanxana qurmaq üçün yer yoxdur, bəzilərində isə mərkəzi xətlərə qoşulmaq çətindir və əlavə infrastruktur tələb edir”.
Onun sözlərinə görə, yalnız texniki baxımdan mümkün olan binalarda belə dəyişikliklər həyata keçirilə bilər. Digər hallarda isə istilik təminatı mövcud qaydalar əsasında qalacaq.
Kondisionerlərlə bağlı gələcək planlar
Mərkəzləşdirilmiş soyutma sistemlərinin tətbiqi də gündəmdə olan məsələlərdən biridir. Mütəxəssislər bildirirlər ki, texniki baxımdan bu sistemlər daha effektiv olsa da, maliyyə baxımından daha bahalıdır və geniş tətbiqi uzunmüddətli mərhələli proses tələb edir.
Hazırda bu cür sistemlər əsasən iri biznes mərkəzlərində və “ağıllı şəhər” konsepsiyası əsasında qurulan yaşayış komplekslərində istifadə olunur. Gələcəkdə bu təcrübənin yaşayış binalarına da tətbiqi istisna edilmir.
Yeni qaydalar bir daha göstərir ki, ölkədə tikinti və kommunal infrastruktur sahəsində daha müasir və təhlükəsiz modellərə keçid hədəflənir. Bununla belə, dəyişikliklərin mərhələli şəkildə həyata keçiriləcəyi və mövcud binaların xüsusi yanaşma ilə qiymətləndiriləcəyi gözlənilir.





