Azərbaycanda dövlət satınalmaları sahəsində mövcud problemlərin əsas səbəblərindən biri bəzi satınalan təşkilatların fəaliyyəti ilə bağlıdır. Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Dövlət satınalmalarının təşkili və bu sahə üzrə əsas audit nəticələri” mövzusunda keçirilən seminarda çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, son illərdə elektron satınalma mexanizmlərinin tətbiqi və prosedurların rəqəmsallaşdırılması şəffaflığın artırılmasına müsbət təsir göstərsə də, bu addımlar bütün riskləri aradan qaldırmır. Sədr qeyd edib ki, bəzi hallarda problemlər məhz satınalan qurumların qərar və yanaşmalarından qaynaqlanır.
Audit zamanı aşkarlanan əsas çatışmazlıqlar
Vüqar Gülməmmədov bildirib ki, aparılan yoxlamalar zamanı bir sıra sistemli nöqsanlar üzə çıxıb:
“Satınalma şərtlərinin dəyişdirilməsi, rəqabətin formal xarakter daşıması kimi hallara rast gəlinir. Ehtiyacın düzgün müəyyən edilməməsi və ehtimal olunan qiymətin qeyri-dəqiq hesablanması da müşahidə olunur. Bəzi hallarda bir mənbədən satınalma üsuluna üstünlük verilməsi və müqavilə şərtlərinin icra mərhələsində dəyişdirilməsi faktları aşkarlanıb”.
Sədr vurğulayıb ki, dövlət satınalmalarının əhəmiyyətli hissəsinin müsabiqəsiz həyata keçirilməsi həm rəqabət mühitinə, həm də büdcə vəsaitlərinin səmərəli istifadəsinə mənfi təsir göstərir. Onun sözlərinə görə, şəffaflığın artırılması və real rəqabət mühitinin formalaşdırılması bu sahədə əsas prioritet olaraq qalır.
Seminar çərçivəsində dövlət vəsaitlərinin daha effektiv idarə olunması, satınalma proseslərində nəzarət mexanizmlərinin gücləndirilməsi və audit nəticələrinin icra intizamına təsirinin artırılması məsələləri də müzakirə olunub.





