EvTexnologiyalarDövlət xidmətləri vahid platformaya keçir: Mygov və Mygov Biznes əsas ünvan olacaq

Dövlət xidmətləri vahid platformaya keçir: Mygov və Mygov Biznes əsas ünvan olacaq

Azərbaycanda dövlət xidmətlərinin təqdim olunması sahəsində yeni mərhələ başlayır. Yaxın illərdə bütün dövlət xidmətlərinin “Mygov” və “Mygov Biznes” platformaları – həm portal, həm də mobil tətbiqlər vasitəsilə göstərilməsi planlaşdırılır. Bu yanaşma vətəndaşlar və sahibkarlar üçün xidmətlərə çıxışı daha sürətli və rahat etməyi hədəfləyir.

Müvafiq dəyişikliklər Prezident İlham Əliyevin təsdiqlədiyi “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb. Sənədə əsasən, ölkədə proaktiv dövlət xidmətlərinə keçid də prioritet istiqamətlərdən biri olacaq.

“Yalnız bir dəfə” prinsipi və vahid məlumat idarəçiliyi

Fəaliyyət Planında dövlət qurumları arasında məlumat mübadiləsinin təkmilləşdirilməsi xüsusi yer tutur. “Vahid məlumat idarəçiliyi” yanaşmasının tətbiqi və vətəndaşlardan eyni məlumatın yalnız bir dəfə tələb olunmasını nəzərdə tutan prinsipin reallaşdırılması planlaşdırılır. Bu isə bürokratik maneələrin azaldılmasına və xidmətlərin operativliyinin artırılmasına xidmət edəcək.

Bundan əlavə, sənəddə vençur maliyyələşmə və kraudfandinq münasibətlərinin hüquqi tənzimlənməsi, “mələk investorlar” institutunun təşviqi, texnopark rezidentləri üçün şərtlərin sadələşdirilməsi və yerli innovativ məhsulların dövlət satınalmalarında dəstəklənməsi kimi mexanizmlər də yer alıb.

Qlobal istedadların ölkəyə cəlbi üçün “rəqəmsal səyyah” vizasının tətbiqi, müstəqil mütəxəssislərin hüquqi statusunun müəyyənləşdirilməsi və miqrasiya prosedurlarının sadələşdirilməsi də nəzərdə tutulan yeniliklər sırasındadır.

Rəqəmsal iqtisadiyyata keçid sürətlənəcək

Fəaliyyət Planı İKT, süni intellekt və informasiya təhlükəsizliyi sahələrində insan kapitalının gücləndirilməsini, dövlət informasiya sistemlərinin “Hökumət buludu”na tam miqrasiyasını və maliyyə xidmətlərinin genişmiqyaslı rəqəmsallaşmasını da əhatə edir. Eyni zamanda elektron ticarət və informasiya təhlükəsizliyi üzrə normativ hüquqi aktların yenilənməsi planlaşdırılır.

Sənədin əsas məqsədi qlobal trendlər və ölkədə mövcud vəziyyət nəzərə alınmaqla strateji hədəflərə nail olmaqdır. Dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, startap və innovasiya ekosisteminin dəstəklənməsi xüsusi diqqət mərkəzində olacaq.

Planın icrası nəticəsində Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması, növbəti on ildə İKT sektorunun qeyri-neft-qaz ÜDM-də payının və rəqəmsal məhsul və xidmətlərin ixracının artırılması hədəflənir.

Eyni zamanda proaktiv xidmətlərin ümumi xidmətlərdə payının 50 faizə çatdırılması və ölkənin innovasiya əsaslı, rəqabətqabiliyyətli iqtisadiyyata keçidinin sürətləndirilməsi nəzərdə tutulur.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər