Meksikada xüsusi əməliyyat zamanı öldürülən “El Menço” ləqəbli narkobaronun təhlükəsizlik sistemi və şəxsi həyatı ilə bağlı yeni detallar üzə çıxıb.
Xarici mətbuatın yaydığı məlumatlara görə, “Xalisko Yeni Nəsil” kartelinin lideri sağlığında təxminən 400 nəfərlik silahlı və xüsusi hazırlıq keçmiş mühafizəçi qrupu tərəfindən qorunurmuş.
Bildirilib ki, o, təhlükəsizlik modelini faktiki olaraq xüsusi təyinatlı qüvvələr prinsipi əsasında qurub. Narkobaronun hərəkətləri zirehli avtomobillərdən ibarət kolonna ilə müşayiət olunub.
Bu maşınlar pulemyotlar və hətta raket qurğuları ilə təchiz edilib. Mühafizəçilər səfərlər zamanı dronlardan istifadə edib, ehtimal olunan hücumların qarşısını almaq üçün yolları minalayıb və liderin ətrafında bir neçə müdafiə halqası yaradıb.
Xəstəlik və son əməliyyat
Mənbələrin iddiasına görə, “El Menço” böyrək çatışmazlığından əziyyət çəkib və gündəlik dializ proseduruna ehtiyac duyub.
Bu sağlamlıq problemi onun hərəkət imkanlarını məhdudlaşdırırmış. Buna baxmayaraq, o, son dərəcə gizli həyat tərzi sürüb və az sayda insan onun real görünüşünü tanıyıb. Məlumata əsasən, hərbi əməliyyat fevralın 22-də keçirilib. Əməliyyat ərəfəsində narkobaronun olduğu evdə ziyafət təşkil edilibmiş.
Keçmiş Federal Təhqiqat Bürosu agenti Arturo Fontes hesab edir ki, həmin gün kartel rəhbəri adətən istifadə etdiyi güclü “təhlükəsizlik çətiri” altında olmayıb. Nəticədə azsaylı mühafizəçilər hərbçilərin hücumuna tab gətirə bilməyiblər.
Əməliyyat zamanı səkkiz mühafizəçi öldürülüb. “El Menço” isə yaralı halda xəstəxanaya aparılsa da, aldığı xəsarətlərdən həyatını itirib.
Onun ölümündən sonra ölkədə iğtişaşlar başlayıb. Kartel üzvləri avtomobilləri yandırıb, təhlükəsizlik qüvvələrinə hücumlar edib. Hadisələr bəzi bölgələrdə futbol matçlarının belə ləğv olunmasına səbəb olub.





