Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Bakı ilə Roma arasındakı əlaqələrin gələcək perspektivlərini yüksək qiymətləndirib. O, İtaliyanın nüfuzlu “La Repubblica” qəzetinə verdiyi müsahibədə iki dövlət arasında fərqli istiqamətlərdə işbirliyini dərinləşdirmək üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.
E.Əmirbəyov ölkələr arasındakı münasibətlərin səviyyəsinə toxunaraq bildirib:
“Bizim ölkələrimiz 2020-ci ildən çoxplanlı strateji tərəfdaşlıqla bağlıdır. İtaliya baş nazirinin Azərbaycana qarşıdan gələn səfəri bunu təsdiqləyir. Hesab edirik ki, bir çox sahələrdə, ilk növbədə İtaliyanın əsas tərəfdaşımız olduğu energetika sahəsində əməkdaşlığın gücləndirilməsi üçün yüksək potensial mövcuddur”.
Diplomat rəqəmlərə əsaslanaraq qeyd edib ki, 2025-ci il ərzində Azərbaycan tərəfi İtaliyaya 9,5 milyard kubmetr mavi yanacaq nəql edib. İtaliya həmçinin Azərbaycan neftinin əsas alıcısı statusunu qoruyub saxlayır. Məlumata görə, ötən il Avropa İttifaqının (Aİ) ümumilikdə 10 dövlətinə 12,5 milyard kubmetr qaz ixrac olunub ki, bu da tədarükün başlandığı ilk illə müqayisədə 53 %-lik bir artım deməkdir. Əmirbəyov vurğulayıb ki, qlobal bazardakı dalğalanmalara və siyasi gərginliklərə rəğmən, Azərbaycan hər zaman öz öhdəliklərinə sadiq və məsuliyyətli tərəfdaş imicini qoruyur.
Trans-Adriaktik Qaz Boru Kəmərinin (TAP) gələcək imkanlarından bəhs edən rəsmi nümayəndə xatırladıb ki, Cənub Qaz Dəhlizinin mövcud gücü hazırda tam həcmdə istifadə olunur. Bu kəmər artıq bütün Avropanın enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevrilib.
Artıq genişləndirmə prosesinin ilkin fazasının icra edildiyini deyən Elçin Əmirbəyov qeyd edib ki, cari ilin yanvarından etibarən TAP-ın illik ötürücülük gücü 1,2 milyard kubmetr artıb və bu həcmin böyük hissəsi — 1 milyard kubmetri məhz İtaliyanın payına düşəcək. O, həmçinin əlavə edib ki, gələcəkdə gücün daha da artırılması hasilatın genişləndirilməsi və infrastrukturun modernləşdirilməsi üçün yeni sərmayələr tələb edəcək. Bu isə öz növbəsində Avropa İttifaqının enerji mənbələrini şaxələndirmək və təhlükəsizliyi möhkəmləndirmək strategiyasına tam uyğundur.





