Azərbaycan və Peru ölkələri Limada Xarici İşlər Nazirlikləri (XİN) arasında ilk siyasi məsləhətləşmələr raundunu təşkil edib. Peru XİN-ə istinadən bildirilir ki, bu məsləhətləşmələr Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində 4 sentyabr 2025-ci ildə keçirilib.
Peru tərəfdən nümayəndə heyətinə XİN başçısının müavini Feliks Deneqri rəhbərlik edib. “İclas Azərbaycan və Peru arasında 29 illik diplomatik münasibətlər çərçivəsində əməkdaşlıq və strateji dialoqun yeni mərhələsinin başlanğıcını qeyd edir”, – XİN-dən bildirilib. F.Deneqri görüşdə əlaqələrin möhkəmləndirilməsinə qarşılıqlı marağı diqqətə çatdırıb. O vurğulayıb ki, bu mexanizm turizm, təhlükəsizlik, mədəniyyət və idman kimi sahələrdə birgə layihələrin irəliləməsinə şərait yaradacaq. Onun fikrincə, əməkdaşlığın genişlənməsi hər iki ölkə xalqlarının rifahına mühüm təsir göstərə bilər. Öz növbəsində, Elnur Məmmədov Latın Amerikası və Karib Dənizi Hövzəsi Ölkələri Birliyi və Azərbaycanın 2019-cu ildən üzv olduğu Sakit Okean Alyansı kimi regional strukturlarla əməkdaşlığın gücləndirilməsinin önəmini qeyd edib. O, həmçinin Perunun Milli Universitetində Azərbaycanın xarici siyasəti haqqında çıxış edəcəyini açıqlayıb.
Tərəflər qarşılıqlı investisiyaların cəlb olunmasında potensialın mövcudluğunu vurğulayıblar. Hər iki ölkənin strateji geoiqtisadi mövqeyinə toxunulub: Perunun Asiya-Sakit Okean regionunda, Azərbaycanın isə Cənubi Qafqazda mühüm rol oynadığı bildirilib. Qurumdan əlavə ediblər ki, Azərbaycan və Peru zəngin mədəni irsə malik ölkələrdir. Bu baxımdan tərəflər mədəniyyət sahəsində texniki əməkdaşlığın genişləndirilməsi və irsin qorunması üzrə təcrübə mübadiləsi barədə razılığa gəliblər.





