Evİdman"Formula-1" zamanı Bakıda unikal fürsət: "Dreamliner" simulyatoru təqdim edildi

“Formula-1” zamanı Bakıda unikal fürsət: “Dreamliner” simulyatoru təqdim edildi

Azərbaycan Hava Yolları QSC (AZAL) “Boeing 787 Dreamliner” təyyarəsinin tam funksional simulyatorunu aviasiya həvəskarlarının istifadəsinə təqdim edib. Daylinews-az.com-un məlumatına görə, bu layihə artıq ikinci ildir ki, “Boeing” şirkəti ilə birgə həyata keçirilir.

Formula-1” yarışları çərçivəsində Bakının mərkəzində yerləşən “JW Marriott Absheron Baku” otelinin birinci mərtəbəsində quraşdırılan müasir “Boeing 787 Dreamliner” simulyatoru ziyarətçilərə özlərini təyyarənin pilotu kimi hiss etməyə imkan verir. Bu simulyator, pilot kabinəsinin bütün elementlərini yüksək dəqiqliklə əks etdirir.

Simulyator genişformatlı naviqasiya ekranları, şturval, idarəetmə qolları, pedallar və orijinal oturacaqlarla təchiz edilib. Bu, real uçuş şəraitini mümkün qədər dəqiq şəkildə canlandırır. Proqram təminatı təyyarənin bütün uçuş sistemlərini simulasiya edərək, qonaqlara havaya qalxma, uçuş rejimi və eniş kimi uçuş mərhələlərini sınaqdan keçirməyə imkan verir.

Eyni zamanda, simulyator “Dreamliner” modelinin innovativ texnologiyaları və yanacaq səmərəliliyi ilə yaxından tanış olmağa şərait yaradır. “Boeing” şirkəti “787 Dreamliner”-i genişgövdəli təyyarələr arasında ən uğurlu modellərdən biri kimi təqdim edir. Bu təyyarələr 14 ildən az bir müddətdə 1,1 milyarddan çox sərnişin daşıyıb ki, bu da aviasiya tarixində ən yüksək göstəricidir.

“Dreamliner”ın müasir texnologiyaları yanacaq sərfiyyatını əvvəlki nəsil təyyarələrlə müqayisədə 25% qədər azaldır və bu, dünyanın müxtəlif istiqamətlərində 435 yeni birbaşa marşrutun açılmasına imkan verib. Geniş salonu və iri pəncərələri ilə sərnişinlər uçuş zamanı komfortlu hiss edirlər və təyinat məntəqəsinə rahat şəkildə çatırlar.

Hazırda AZAL donanmasında iki “Boeing 787 Dreamliner” təyyarəsi fəaliyyət göstərir. Uzunmüddətli modernləşdirmə strategiyasına uyğun olaraq, yaxın illərdə bu tipdən bir neçə yeni təyyarənin də donanmaya qoşulması planlaşdırılır.

Xatırladaq ki, simulyator sentyabrın 21-nə qədər hər gün saat 10:00-dan 17:00-dək vətəndaşların istifadəsində olacaq.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər