Evİdman"Turan Tovuz"un futbolçusu: "100-cü oyunuma həsr olunan hədiyyəni alanda təəccübləndim"

“Turan Tovuz”un futbolçusu: “100-cü oyunuma həsr olunan hədiyyəni alanda təəccübləndim”

“Turan Tovuz”un yarımmüdafiəçisi Ayxan Hüseynov Misli Premyer Liqasında 100-cü matçına çıxması münasibətilə aldığı hədiyyədən xoş təəccübə gəlib. Bu barədə futbolçu daylinews-az.com saytına verdiyi müsahibədə danışıb.

O, klubun idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov və baş məşqçisi Kurban Berdıyevin “100” nömrəli formanı təqdim etməsindən bəhs edib: “Bu anı sözlərlə təsvir etmək çətindir. Düzünü desəm, 100-cü oyuna çatmamla bağlı hədiyyəni qəbul edəndə şok oldum. “Turan Tovuz”da ilk dəfə meydanda olduğum günü çox yaxşı xatırlayıram. Bu, Premyer Liqada 100-cü matçım idi. Kubok görüşlərini də nəzərə alsaq, ümumilikdə 100-dən çox oyunda iştirak etmişəm. Formanı təqdim edərkən baş məşqçimiz Kurban Berdıyev şəxsən iştirak edirdi. Onun üzündə gülümsəmə gördükdə xoşbəxt oldum. Çoxları onun gülümsədiyini ilk dəfə gördü. Bütün komanda yoldaşlarım, o cümlədən klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev məni təbrik etdilər”.

Ayxan Hüseynov klubda uzunmüddətli gələcək qurmaq istədiyini vurğulayıb: “İnşallah, “Turan Tovuz”un uğurları üçün illərlə çalışacağam. Əlbəttə, bu, klubun da marağına bağlıdır. Burada olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bəzi yeni gələn oyunçular 100-cü matçımı keçirdiyimə inanmırdılar. Bu, onlar üçün də maraqlı xəbər oldu”.

Futbolçu komandasının mövsüm ambisiyalarına toxunub: “Bu il minimum avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparırıq. Hər şey yüksək səviyyədə təşkil olunub. Azarkeşlərimizin dəstəyini hiss edirik – onlar Premyer Liqanın ən yaxşı azarkeşləridir. Yaxşı futbolçular cəlb olunub və onlar kollektivə uyğunlaşırlar. Hamımız birləşib möhtəşəm nəticələrə nail olacağıq”.

Qeyd edək ki, Hüseynovun yubiley matçı IV turda “Qəbələ”yə qarşı baş tutub və o, oyunun gedişində meydana daxil olub. Futbolçu 100 qarşılaşmada 13 qol vurub. O, Premyer Liqada yalnız bir klubun heyətində 100 matç keçirən ilk “Turan Tovuz”lu oyunçudur. Hüseynov 2022/2023 mövsümündə debüt edib. Ümumilikdə, Azərbaycan çempionatlarında 100 və daha çox oyun keçirən 442-ci futbolçu olan Hüseynovun eyni klubda 100-ə çatması isə 206-cı belə yubiley hesab olunur.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər