Türkiyənin Gəncədəki Baş Konsulluğunda 8 Noyabr – Zəfər Günü ərəfəsində Mustafa Kamal Atatürkün anım mərasimi təşkil edilib. Tədbir “Nuri Paşa” zalında keçirilmiş və burada diplomatik nümayəndəlik əməkdaşları, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, rəsmi şəxslər, ziyalılar və Türkiyədən gəlmiş tələbələr iştirak ediblər.
Baş konsul Rəcəb Öztop çıxışında Atatürkün Türk xalqı qarşısında göstərdiyi böyük tarix xidmətlərindən danışıb. Mərasimdə həmçinin Atatürkün həyatını əks etdirən videoçarx nümayiş olunub.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin qurucusu Atatürk 1881-ci ildə Selanikdə anadan olub. O, Selanik Hərbi Liseyində riyaziyyat müəlliminin təşəbbüsü ilə “Kamal” adı ilə fərqləndirilmiş və 1923-cü il oktyabrın 29-da Cümhuriyyətin elanından sonra dövlət başçısı seçilmişdir. Atatürk 1938-ci ildə vəfat edib və 1953-cü ildə nəşi Ankarada Anıtqəbirə köçürülüb.





