Son günlər dünyada Hantavirusla bağlı xəbərlərin artması bu infeksiyanın təhlükə səviyyəsini yenidən gündəmə gətirib. Xüsusilə İspaniya sahillərində kruiz gəmisində qeydə alınan yoluxma halları narahatlıq yaradıb. Bunun fonunda mütəxəssislər virusun Covid-19 ilə müqayisəsi barədə açıqlamalar verirlər.
Rusiyalı infeksionist Valeri Litvinov bildirib ki, Hantavirus koronavirus qədər sürətlə yayılan və qlobal pandemiya yaratmaq potensialına malik infeksiya hesab edilmir. Onun sözlərinə görə, Covid-19-un əsas təhlükəsi insandan insana çox asan ötürülməsi idi. Hantavirus isə əsasən gəmiricilər vasitəsilə yayılır və bu baxımdan fərqli xarakter daşıyır.
Virus əsasən gəmiricilərdən yayılır
Mütəxəssis qeyd edib ki, Hantavirus təbii ocaq infeksiyası sayılır. Virusun əsas daşıyıcıları siçan və siçovullardır. Onlar infeksiyanı öz orqanizmlərində simptomsuz daşıya bilirlər. İnsanlara yoluxma isə əsasən gəmiricilərin ifrazatları ilə təmas nəticəsində baş verir.
Həkim vurğulayıb ki, bəzi Hantavirus növləri ağır fəsadlar yaratsa da, genişmiqyaslı yayılma riski Covid-19-la müqayisədə daha aşağıdır. Bununla belə, virus yüksək hərarət, böyrək və tənəffüs problemləri ilə müşayiət oluna bilər.
İspaniya sahillərində təxliyə əməliyyatı aparılıb
Mayın 10-da İspaniya yaxınlığında yerləşən “MV Hondius” kruiz gəmisində Hantavirus şübhəsi səbəbindən sərnişinlərin təxliyəsinə başlanılıb. İlk mərhələdə 14 nəfər Madriddə xəstəxanalara yerləşdirilib.
Rəsmi məlumatda hospitalizasiya edilən şəxslərdə simptom aşkarlanmadığı bildirilsə də, gəmidə daha əvvəl yoluxma hallarının təsdiqləndiyi qeyd olunub. Məlumata əsasən, hadisə nəticəsində üç nəfər həyatını itirib.





