18 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdama səfər ediblər.
Daylinews-az-ın məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzinin və Tədris-Təhsil Kompleksinin açılışında iştirak ediblər. Bundan əlavə, Ağdam şəhərində inşa edilən Hilton Garden Inn otelinin tikinti işləri ilə tanış olublar. Prezident İlham Əliyev Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzini rəsmi istifadəyə verib.
Daha sonra dövlət başçısı və birinci xanım Ağdam Muğam Mərkəzinin tikinti işləri və Ağdam Residence yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar.
Səfər çərçivəsində İlham və Mehriban Əliyevalar Ağdam şəhərində inşa edilən 1267 mənzildən ibarət ikinci yaşayış kompleksinin tikinti işlərinə baxış keçiriblər. Həmçinin Ağdam şəhərində inşa olunan 1 nömrəli körpələr evi-uşaq bağçasının tikinti vəziyyəti ilə tanış olublar.
Bundan əlavə, dövlət başçısı və birinci xanım Əsgəran qalası ərazisində yaradılacaq konseptual layihəni də ziyarət ediblər.





