Amerikalı iş adamı və “Tesla” avtomobil şirkətinin rəhbəri İlon Maskın sərvəti yeni səviyyəyə yüksəlib. “Tesla”nın səhmlərinin dəyərinin son vaxtlarda 22 faiz artması nəticəsində Maskın gəlirləri 33,5 milyard dollar artaraq ümumilikdə 270,3 milyard dollara çatıb.
Daylinews-az.com “Bloomberg”ə istinadən bildirir ki, bu artımın əsas səbəbi “Tesla”nın son rüb üzrə rekord mənfəət əldə etməsi və gələcək ildə avtomobil satışlarında 30 faizlik artım proqnozudur.
Son üç il ərzində ABŞ-ın ən varlı şəxsləri siyahısında birinci yerdə qərarlaşan İlon Mask hazırda “Amazon” şirkətinin qurucusu Ceff Bezosu 61 milyard dollar qabaqlayır. “Tesla”nın səhmlərinin qiyməti proqnozları xeyli aşaraq şirkətin çətin ikinci rübdən sonra özünü toparlamağı bacardığını göstərib. Analitiklər şirkətin hər səhmə görə gəlirinin $0,60 olacağını gözlədikləri halda, bu rəqəm $0,72-yə yüksəlib.
Mətbuat konfransında İlon Mask şirkətin son rübdəki rekord uğurlarına toxunaraq, “Tesla”nın dünyanın ən gəlirli şirkəti olmağa doğru irəlilədiyini qeyd edib.
Maskın sərvəti bir müddət əvvəl Twitter-in 44 milyard dollara alınması ilə qismən azalsa da, “Tesla”nın son maliyyə uğurları onun ən varlılar arasında mövqeyini möhkəmləndirib. İndi isə mütəxəssislər İlon Maskın növbəti hədəfinin dünyanın ilk trilyoneri olmaq olduğunu hesab edir.