Avqustun 15-dən etibarən Azərbaycanda internet xidmətlərinin minimum aylıq ödənişi 25 AZN olaraq müəyyənləşdirilib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, qiymət artımından sonra bir çox vətəndaş internet xidmətlərindən imtina etməyə başlayıb. Eyni zamanda, “Aztelekom” şirkətinin bəzi yerlərdəki şöbələrində vətəndaşlara internet xidmətindən imtina etdikləri halda 130 AZN məbləğində cərimə tətbiq ediləcəyi haqqında məlumatlar yayılıb.
Məsələ ilə bağlı “Aztelekom” MMC-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, şirkət rəqəmsal transformasiya siyasətini genişləndirərək müasir telekommunikasiya layihələrini həyata keçirməkdədir. Bu layihələr çərçivəsində yeni avadanlıqların quraşdırılması, fiber-optik şəbəkənin genişləndirilməsi və müasir kommunikasiya infrastrukturunun yaradılması kimi tədbirlər icra olunur.
“Bu yeniliklər sayəsində abunəçilərimiz daha təhlükəsiz və yüksək keyfiyyətli telekommunikasiya xidmətlərindən yararlana biləcəklər. Məhz bu tədbirlərin davamı olaraq “Aztelekom” tariflərdə dəyişiklik etmək qərarına gəlib. Tariflərin dəyişdirilməsi haqqında 30 gün əvvəl məlumat verilib və bu dəyişikliklər qanunvericiliyə uyğun olaraq avqustun 15-dən qüvvəyə minib. Məqsəd müştərilərə daha keyfiyyətli və effektiv xidmətlər təqdim etməkdir.”
Şirkət qeyd edib ki, abunəçilərə 12 aylıq müqavilə çərçivəsində ödənişsiz avadanlıq və internet qoşulması təqdim olunur. Lakin bu şərtlər pozulduğu halda, abunəçi avadanlığın dəyərini ödəmək məcburiyyətində qalır. Bu cərimə deyil, sadəcə ödənişsiz təqdim edilmiş avadanlığın dəyərinin geri qaytarılması tələbinə əsaslanır.
Yeni tariflərin qüvvəyə minməsindən sonra abunəçilərə xidmətlərdən imtina etmək üçün 30 gün vaxt verilib. Bu müddət ərzində abunəçilər rəsmi müraciət edərək müqavilə şərtlərinə uyğun olaraq xidmətdən imtina edə bilərlər. Belə hallarda borc öhdəliyi tətbiq edilmir, lakin ödənişsiz verilmiş avadanlıqların qaytarılması tələb olunur.
“Aztelekom” qeyd edir ki, müştəri məmnuniyyəti və rahat ünsiyyət şirkətin prioritetlərindən biridir. Şirkətin 24 saat fəaliyyət göstərən Çağrı Mərkəzi – 170, sosial media hesabları və digər kanallar vasitəsilə abunəçilərin suallarına operativ cavab verilir.