BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının “Yüksək Səviyyəli Həftə” çərçivəsində, Azərbaycanın COP29 sədrliyi ilə keçirilən “İqlim, Sülh və İnsan Mobilliyi” mövzusunda yüksək səviyyəli dəyirmi masa təşkil olunub.
“Report”un ABŞ-dakı müxbirinin verdiyi məlumata görə, bu tədbir COP29-un prezidenti kimi Azərbaycanın və Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) birgə təşkilatçılığı ilə həyata keçirilib. Görüşə BMT-yə üzv ölkələrin nümayəndələri, BMT agentliklərinin təmsilçiləri, səfirlər və diplomatlar qatılıb.
Sessiyada Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) baş direktoru Emi Pop, COP29 sədrliyinin danışıqlar qrupunun müşaviri, Azərbaycanın XİN-də xüsusi tapşırıqlar üzrə səfir Elşad İskəndərov, İtaliyanın İqlim Dəyişikliyi üzrə xüsusi elçisi Françesko Korvaro və Misirin Münaqişələrin həlli və Sülh Quruculuğu üzrə Qahirə Beynəlxalq Mərkəzinin (CCPA) baş direktoru Əhməd Əbdül-Lətif çıxış ediblər.
Səfir Elşad İskəndərov öz çıxışında vurğulayıb ki, Azərbaycanın COP29 sədrliyi dövründə əsas prioritetlərdən biri beynəlxalq sülhə və təhlükəsizliyə töhfə verməkdir. Bu səbəbdən də COP29 ərəfəsində atəşkəs çağırışı ilə bağlı beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq aparılır. O, həmçinin bildirib ki, dünya əhalisinin artdığı regionlar həm iqlim dəyişikliyindən, həm də münaqişələrdən ciddi şəkildə əziyyət çəkir. Bu çətinlikləri nəzərə alaraq, Azərbaycanın COP29 prezidenti kimi təşkil etdiyi tədbir dünya ölkələrinə praktiki yardım göstərmək məqsədi daşıyır. E.İskəndərov əlavə edib ki, Azərbaycanın təşəbbüsü ilə 15 noyabr “Sülhə Yardım Günü” olaraq qeyd ediləcək və həmin tarixdə Bakıda sülh mövzusunda geniş tədbirlər planlaşdırılır. Bundan əlavə, COP29 çərçivəsində “Bakı, İqlim və Sülh Mərkəzi”nin təsis edilməsi nəzərdə tutulur ki, bu da gələcəkdə iqlim və sülh mövzusunda dünya ölkələrinə mühüm töhfələr verəcək.
IOM-in baş direktoru Emi Pop, Azərbaycanın sədrliyi ilə sülh gündəliyinin COP prosesində irəlilədilməsini yüksək qiymətləndirərək, COP29 çərçivəsində bu mövzuda konkret nəticələr əldə olunacağına inandığını bildirib. E.Pop xüsusilə həssas əhali qruplarına beynəlxalq yardımların əhəmiyyətini vurğulayaraq, iqlim dəyişikliyinin gələcəkdə təmiz su, hava və münbit torpaqlar uğrunda münaqişələrə səbəb olmaması üçün qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyindən danışıb. Onun sözlərinə görə, Dünya Bankının proqnozlarına əsasən, əgər təxirəsalınmaz tədbirlər görülməzsə, 2050-ci ilə qədər iqlim dəyişikliyi nəticəsində 60 milyondan çox insan məcburi miqrant vəziyyətinə düşə bilər.
Görüşdə iqlim dəyişikliyi ilə bağlı su qıtlığı, ərzaq təhlükəsizliyi və torpaqların deqradasiyası kimi problemlər müzakirə olunub. Panel iştirakçıları bu çağırışların həlli yolları barədə təkliflər irəli sürüblər. Sessiyanın əsas məqsədi iqlim və sülh təşəbbüsləri arasında boşluqları aradan qaldırmaq, birgə fəaliyyətlər vasitəsilə əlaqələri gücləndirmək üçün platformaların araşdırılması olub. Görüş zamanı Azərbaycanın COP29-a hazırlığı və Bakıda keçiriləcək beynəlxalq tədbirdə müzakirə ediləcək iqlim, sülh və insan mobilliyi mövzuları ətrafında fikir mübadiləsi aparılıb.