İran ordusu Oman dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmilərə qarşı raket və pilotsuz uçuş aparatı tətbiq etdiyini açıqlayıb. Rəsmi Tehran bunu xəbərdarlıq xarakterli addım kimi qiymətləndirir.
İran mediasında yayılan məlumatlara görə, hərbi qurumun bəyanatında Oman dənizində fəaliyyət göstərən ABŞ-ın “DDG-103” və “DDG-87” esminesləri istiqamətində “Qadir” tipli raket və yeni nəsil pilotsuz uçuş aparatının buraxıldığı bildirilib. Məlumatda qeyd olunur ki, bu addımın məqsədi ABŞ gəmilərinə xəbərdarlıq mesajı vermək olub.
Gərginlik Oman dənizində artır
İran tərəfi raket və dronların istifadəsindən sonra ABŞ hərbi gəmilərinin bölgəni tərk edərək Hind okeanı istiqamətinə çəkildiyini iddia edib. Eyni zamanda ABŞ-a məxsus “Tripoli” amfibiya hücum gəmisi də Oman dənizindən uzaqlaşıb.
Son aylarda Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda Oman dənizi və Hörmüz boğazı beynəlxalq diqqət mərkəzində qalmaqda davam edir. Bu marşrut dünya enerji daşımalarının əhəmiyyətli hissəsinin həyata keçirildiyi strateji bölgələrdən biri hesab olunur.
Tehran yeni xəbərdarlıqlar edir
İran Silahlı Qüvvələri bəyanatında Vaşinqtonun bölgədəki fəaliyyətini “dəniz quldurluğu” kimi qiymətləndirib və bu siyasətin davam edəcəyi təqdirdə daha uzaqmənzilli raket sistemlərinin tətbiq oluna biləcəyini vurğulayıb.
Rəsmi açıqlamada bildirilib ki, İran öz təhlükəsizlik maraqlarını qorumaqda qərarlıdır və regiondakı hərbi fəaliyyətləri yaxından izləyir. Hadisə ilə bağlı ABŞ tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Yaxın Şərqdə davam edən geosiyasi qarşıdurmalar fonunda bu insidentin bölgədəki təhlükəsizlik vəziyyətinə təsir göstərə biləcəyi istisna edilmir.





