İranda baş verən son hadisələrlə əlaqədar Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin olunması məqsədilə təxliyə prosesi həyata keçirilib.
Daylinews-az.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə məlumat verib. Onun sözlərinə görə, həm İranda fəaliyyət göstərən Azərbaycan səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluq, həmçinin İsraildəki səfirlik qaynar xəttlər vasitəsilə vətəndaş müraciətlərini qəbul edir və dərhal müvafiq tədbirlər görür.
“İlkin mərhələdə İran İslam Respublikasındakı Səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhəddindən keçidi təmin olunub. Səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir“, – deyə Ayxan Hacızadə bildirib.
Hazırda təxliyə prosesi və konsulluq yardımı ilə bağlı işlər davam etdirilir. Azərbaycan vətəndaşlarının təhlükəsizliyi prioritet olaraq saxlanılır.





