İstanbulda baş verən 6.2 bal gücündə zəlzələ şəhər sakinləri üçün ciddi qorxu yaratsa da, rəsmi məlumatlara əsasən, insan itkisi qeydə alınmayıb. Bu barədə İstanbul valiliyindən açıqlama verilib.
Valiliyin məlumatına görə, ümumilikdə 151 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Zərərçəkənlərin əksəriyyəti panikaya düşərək hündür mərtəbəli binalardan tələsik çıxmaq üçün pəncərələrdən və eyvanlardan tullanıblar. Onların vəziyyəti sabit olaraq qiymətləndirilir və həyatları üçün təhlükə yoxdur.
Şəhərin müxtəlif bölgələrində yerinə yetirilən təftiş və monitorinqlər nəticəsində yaşayış binalarında ciddi dağıntılar aşkarlanmayıb. Zəlzələ nəticəsində ən ciddi hadisə Fatih rayonunda qeydə alınıb. Orada artıq istifadəsiz olan bir binanın çökməsi baş verib, lakin heç kim xəsarət almayıb.
Həmçinin bildirilib ki, zəlzələ şəhərin əsas infrastrukturlarına – elektrik, qaz, su və kanalizasiya sistemlərinə heç bir təsir göstərməyib. Təbii fəlakətə baxmayaraq, İstanbulun həyati önəm daşıyan xidmətləri fasiləsiz fəaliyyət göstərməkdə davam edir.





