Kaliforniya ştatının qubernatoru Qevin Nyusom ABŞ prezidenti Donald Trampın etirazlarla çalxalanan Los-Ancelesə ordu yeritməsi və 20 yanvardan sonra qəbul edilən siyasi qərarlarla bağlı ictimai müraciət yayımlayıb. Qubernator Trampın hərəkətlərini “keçmişdə uğursuzluğa düçar olmuş diktatorların davranışlarına bənzər” adlandırıb.
“Tramp demokratik prinsipləri pozur”
Qevin Nyusomun fikrincə, prezidentin ştat rəhbərliyi ilə razılaşdırılmadan Milli Qvardiyanı Kaliforniyaya göndərməsi ölkənin digər bölgələrində də təkrarlana bilər. Bu, Nyusomun sözlərinə görə, ABŞ-da demokratiyanın özünün təhlükə altına düşməsi anlamına gəlir. O, vətəndaşlara Trampın qərarlarına qarşı çıxmağa çağırıb.
“ABŞ-ın ən vacib institutu onun vətəndaşlarıdır. Bizim gələcəyimizə görə məsuliyyəti hər birimiz daşımalıyıq” – deyə Nyusom bildirib.
Etirazlar davam edir, Tramp yeni qoşunlar göndərir
6 iyun tarixində Los-Ancelesdə federal miqrasiya agentliyinin (ICE) keçirdiyi reydlərə qarşı etirazlar başlayıb. Aksiyaçılar ICE əməkdaşlarına beton parçaları atıb, bu isə Trampın ştata ordu yeritməsi ilə nəticələnib. Qubernatorun razılığı olmadan 2000 əsgərdən ibarət Milli Qvardiya Kaliforniyaya daxil olub, bu isə ştat rəhbərliyinin sərt reaksiyasına səbəb olub.
Nyusom daha sonra Trampı diktator adlandıraraq, əsgərlərin dərhal geri çağırılmasını tələb edib. Onun sözlərinə görə, Kaliforniyaya gəlmiş hərbçilər yeməksiz, susuz və əmrlərsiz dövlət binalarında gözləyirlər. Tramp isə daha 2000 əsgər göndərmək niyyətindədir.
Bundan əlavə, The Washington Post nəşrinin məlumatına əsasən, 700 dəniz piyadası da bölgəyə ezam edilib. Əməliyyatın ABŞ-a ümumi xərci 134 milyon dollar təşkil edə bilər.
İctimai rəy: Nə Trampın qərarı, nə də etirazlar dəstəklənir
Etiraz aksiyalarının miqyası böyüyür. Nyu-York, San-Fransisko, Ostin, Atlanta, Sietl, Çikaqo və Portlend kimi şəhərlərdə də ICE əleyhinə nümayişlər keçirilir.
Sosioloji sorğulara əsasən, Trampın Kaliforniyaya qoşun göndərməsi qərarını respondentlərin təxminən 45%-i dəstəkləmir. Bununla yanaşı, ABŞ sakinlərinin əhəmiyyətli hissəsi etiraz aksiyalarına da mənfi yanaşır.





