Fiziki şəxslərə məxsus yaşayış sahələrinin kirayəsindən əldə olunan gəlirlərə tətbiq edilən vergi dərəcəsinin 14%-dən 10%-ə endirilməsi nəzərdə tutulur. Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bu, vergi yükünün təxminən 30 faiz azalması deməkdir.
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi hal-hazırda Milli Məclisdə müzakirə olunur. Bu dəyişikliklərin əsas məqsədləri sahibkarlığı təşviq etmək, vergi yükünü optimallaşdırmaq və “kölgə iqtisadiyyatı”na qarşı mübarizəni gücləndirməkdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu islahatlar barədə ictimaiyyətə tədricən məlumat verilir.
İnzibatçılığın sadələşdirilməsi və vergi dərəcələrinin azaldılması kirayə əməliyyatlarının rəsmiləşdirilməsini təşviq edərək qeyri-rəsmi gəlirlərin rəsmi bazaya daxil olmasına şərait yaradacaq.
Qeyd edək ki, 2025-ci ilin yanvarından etibarən kirayə gəliri əldə edən şəxslərə vergi orqanında uçota girmədən agent təyin etmək və vergi öhdəliklərini agent vasitəsilə yerinə yetirmək imkanı verilib.
Sahibkarlıq fəaliyyəti çərçivəsində kirayə verilən daşınmaz əmlak və ya hüquqi şəxslərə icarəyə verilən obyektlərə isə 14% vergi dərəcəsi dəyişməz qalır.
Bu dəyişikliklərin əsas hədəfi vergidən yayınma hallarının qarşısını almaq və kirayə müqavilələrinin rəsmiləşdirilməsini stimullaşdırmaqdır.





