Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının təşkilatçılığı ilə “Cinayətkarlığa qarşı mübarizənin aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans təşkil olunub. Tədbirə Türkiyə, Macarıstan, Polşa, Moldova, Gürcüstan, Bolqarıstan, Serbiya, Özbəkistan, Tacikistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstan kimi ölkələrin rəsmiləri qatılıblar.
Konfransda həmçinin Milli Məclis, DİN-in müxtəlif qurumları, Bakı Dövlət Universiteti, Polis Akademiyası və Milli Aviasiya Akademiyasının əməkdaşları, eləcə də magistr və doktorantlar iştirak edib. Tədbiri daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev açıb.
Təqdimatlarda cinayətkarlığa qarşı mübarizədə hüquqi və kriminoloji yanaşmalar, müasir cinayət növləri, hüquq-mühafizə orqanlarının fəaliyyəti və istintaq-məhkəmə təcrübələri müzakirə olunub. Eyni zamanda, normativ-hüquqi baza, kibertəhlükəsizlik sahəsi və rəqəmsal sübutlarla bağlı yeni tənzimləmələrin hazırlanması prioritet kimi təqdim edilib.
Konfrans iştirakçıları hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsini, operativ məlumat mübadiləsinin sürətləndirilməsini, birgə təlimlərin təşkili və elmi-analitik fəaliyyətin təkmilləşdirilməsini vacib hesab ediblər.





