Tanınmış MMA jurnalisti və aparıcısı Ariyel Helvani yayımladığı “The MMA Hour” şousunda UFC-nin Azərbaycanda ilk dəfə turnir keçirməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, tədbirin keçirilməsi 21 iyun 2025-ci il tarixində nəzərdə tutulur.
Helvanidən sensasion açıqlama
Ariel Helvani bu barədə belə deyib:
“Mənim etibarlı mənbələrimdən əldə etdiyim məlumata görə, UFC bu yay Azərbaycanda turnir keçirməyi planlaşdırır. 21 iyun tarixi nəzərdə tutulub. Coğrafi baxımdan bu region Rusiya, Ermənistan, Gürcüstan və İran döyüşçüləri üçün əlverişlidir və UFC-də bu ölkələrdən kifayət qədər təmsilçi var”.
Onun sözlərinə görə, Raфаel Fiziyev kimi tanınmış adların turnirdə iştirakı hələlik dəqiqləşməyib, lakin bu xəbərin onu sevindirəcəyi şübhəsizdir. Helvani qeyd edib ki, bu tədbirdə çox güman ki, Dağıstan, Ermənistan və Rusiyadan olan döyüşçülərin iştirakı gözlənilir.
İlk rəsmi döyüş açıqlandı
Hazırda UFC tərəfindən rəsmi olaraq İsmayıl Naurdiyev və Yun Yon Park arasında döyüş təsdiqlənib. Orta çəki döyüşündə qalib gələn idmançının divizion reytinqində irəliləməsi gözlənilir.
Xatırladaq ki, Azərbaycanın tanınmış UFC döyüşçüsü Rafael Fiziyev son döyüşündə Cəstin Geyciyə qısa xəbərdarlıqla çıxış edərək məğlub olmuşdu. O, daha əvvəl verdiyi açıqlamada yüngül çəkidən yarımyüngül çəkiyə keçmək istədiyini bildirib.
Turnir UFC üçün regionda ilk addımdır
Azərbaycanın UFC turnirinə ev sahibliyi etməsi təkcə idman dünyası üçün deyil, həm də regionda MMA-nin inkişafı baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilir. Bu, yerli və regional döyüşçülər üçün beynəlxalq arenada özlərini göstərmək üçün nadir fürsət olacaq.





