Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə yeni hakimlərin təyin olunması ilə bağlı qərar qəbul olunub.
Daylinews-az.com xəbər verir ki, məsələ Milli Məclisin növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb və səsvermə nəticəsində bir oxunuşda təsdiqlənib.
Yeni təyin olunan hakimlər aşağıdakılardır:
- Rəşid Rzayev
- Otari Qvaladze
- Fərhad Tutayuk
- Rauf Quliyev
Təqdimatdan sonra hər dörd namizəd Konstitusiya Məhkəməsi hakimi kimi and içiblər.
Yeni hakimlər haqqında qısa məlumat:
- Otari Qvaladze – 2001-ci ildən Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri vəzifəsində çalışıb.
- Fərhad Tutayuk – Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Cinayət və inzibati qanunvericilik sektoruna rəhbərlik edib. Hər iki şəxs “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub.
- Rauf Quliyev – Daxili İşlər Nazirliyi, Ali Məhkəmə və Konstitusiya Məhkəməsində müxtəlif vəzifələrdə işləyib, 2010-cu ildən Konstitusiya Məhkəməsi Aparatının rəhbəri olub.
- Rəşid Rzayev – 1985–2007-ci illərdə prokurorluq sistemində çalışıb. 2007–2019-cu illərdə Bakı İnzibati-İqtisadi Məhkəməsinin, 2019-cu ildən isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri olub.





