Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekin Xarici Dillər Universitetini ziyarət edib. Burada universitetin prorektoru Gao Qanq və Azərbaycan dili üzrə təhsil alan Çinli tələbələrlə görüş keçirilib.
Görüş zamanı vurğulanıb ki, gənclər Azərbaycan və Çin arasında əlaqələrin inkişafında mühüm rol oynayır. İki ölkə arasında təhsil sahəsində həyata keçirilən layihələr, xüsusilə də Azərbaycan dili və mədəniyyətinin tədrisi bu istiqamətdə önəmli addımlardandır. Universitetdə fəaliyyət göstərən Azərbaycan dili kafedrasının fəaliyyəti yüksək qiymətləndirilib. Qeyd olunub ki, bu kafedrada yalnız dil deyil, Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti də tədris olunur.
Tədbirdə Heydər Əliyev Fondu ilə Pekin Xarici Dillər Universiteti arasında təxminən on ildir davam edən əməkdaşlıq çərçivəsində həyata keçirilmiş layihələrdən danışılıb. Xüsusilə 2019-cu ildən başlayaraq Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Çin dili üzrə distant kursların təşkil edildiyi qeyd olunub.
Görüş zamanı 2025-ci ildə Heydər Əliyev Fondu ilə Pekin Xarici Dillər Universiteti arasında Anlaşma Memorandumunun imzalanmasına dair razılıq əldə olunub.
Daha sonra universitetin Azərbaycan dili kafedrası ilə tanışlıq baş tutub. Leyla Əliyeva kafedranın fəaliyyətinin genişləndirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər haqqında danışıb. Eyni zamanda vurğulanıb ki, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı nəşrlərinin Çin dilində çapı önəmli olacaq.





