26 avqust 2025-ci il Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin Birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. O, humanizm və bəşəri dəyərləri rəhbər tutaraq, Azərbaycanın rifahı və inkişafı üçün yorulmadan çalışır, xalqın hər bir fərdinin sevimlisinə çevrilmişdir.
Mehriban Əliyevanın xalq sevgisi
Mehriban Əliyeva Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, tarixini və mədəniyyətini layiqincə təmsil edərək, xalqın qəlbində xüsusi yer qazanmışdır. Onun fəaliyyəti xalqın iradəsini və dəyərlərini əks etdirir. Xalqın arasından çıxaraq, onun tarixinə və gələcəyinə işıq tutan bir ziyalı kimi Mehriban Əliyeva öz sadəliyi və təvazökarlığı ilə seçilir. O, özünü “sizin Mehriban” kimi təqdim edərək, xalqla birliyini və onun bir fərdi olmaqdan duyduğu qüruru vurğulayıb:
“Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm. Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirir və buna görə ona bir daha dərin minnətdarlığımı bildirirəm.”
Zəngin ailə irsi
Mehriban Əliyeva Azərbaycanın görkəmli ziyalı ailəsində yetişib. Onun babaları – yazıçı Mir Cəlal Paşayev və jurnalist Nəsir İmanquliyev, atası akademik Arif Paşayev və anası şərqşünas Aida İmanquliyeva Azərbaycan mədəniyyətinin və elminin inkişafına böyük töhfələr vermişlər. Bu mühit Mehriban Əliyevanın yüksək mənəvi dəyərlərlə formalaşmasına və xalqının nəcib keyfiyyətlərini mənimsəməsinə zəmin yaradıb.
Təhsil və ailə həyatı
Mehriban Əliyeva N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda təhsil alıb, 1988-ci ildə fərqlənmə diplomu ilə məzun olub. 1983-cü ildə İlham Əliyevlə ailə quran Mehriban xanımın üç övladı və doqquz nəvəsi var.
Çoxşaxəli fəaliyyət
Mehriban Əliyeva 1995-ci ildə təsis etdiyi Azərbaycan Mədəniyyət Fondunun və 1996-cı ildə nəşrə başlayan “Azərbaycan – İrs” jurnalının rəhbəri kimi ölkə mədəniyyətinin təbliğində mühüm rol oynayıb. 2004-cü ildə yaradılan Heydər Əliyev Fondunun sədri olaraq ümummilli liderin irsinin öyrənilməsi və təbliği, şəhid ailələrinə dəstək, təhsil, səhiyyə və idman sahələrində layihələr həyata keçirib. O, həmçinin 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə isə ISESCO-nun xoşməramlı səfiri seçilib.
Siyasi fəaliyyət
Mehriban Əliyeva 2005, 2010 və 2015-ci illərdə parlament seçkilərində yüksək səs faizi ilə (sırasıyla 92.12%, 94.49%, 96.7%) millət vəkili seçilib. 2013-cü ildə I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri təyin olunaraq bu tədbirin uğurla keçirilməsində böyük rol oynayıb. 2017-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.
Qarabağda bərpa işləri
Vətən müharibəsindən sonra Mehriban Əliyeva işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində fəal iştirak edib. O, Şuşa, Ağdam, Zəngilan və digər ərazilərdə yeni obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edərək regionun dirçəlişinə töhfə verib. Xankəndidə 2024-cü ildə keçirilən prezident seçkisində səs verməsi isə Azərbaycanın suverenliyinin təcəssümü kimi tarixdə qalıb.
Əhəmiyyətli töhfələr
Mehriban Əliyevanın dini məbədlərin qorunması, təhsil müəssisələrinin açılması və şəhid ailələrinə dəstəyi də diqqət çəkir. Onun 2023-cü ildə “Fələstin üçün tək ürək” toplantısındakı müraciəti qlobal siyasətdəki rolunu bir daha sübut edib.
Təbrik və arzular
Daylinews-az.com kollektivi Mehriban Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir və Azərbaycanın parlaq gələcəyi uğrunda fəaliyyətində uğurlar arzulayır!





