Meksikanın Xalisko ştatında yerləşən Puerto Vallarta regional həbsxanasında kütləvi qaçış baş verib. Son günlər ölkədə artan iğtişaşların fonunda azı 23 məhbusun müəssisəni tərk edərək yoxa çıxması rəsmən təsdiqlənib.
Kartel liderinin zərərsizləşdirilməsindən sonra vəziyyət gərginləşib
İğtişaşların başlanmasına əsas səbəbin Meksika xüsusi xidmət orqanlarının “Xalisko Yeni Nəsil” kartelinin lideri, “El Menço” kimi tanınan Ruben Nemesio Oseqera Servantesi zərərsizləşdirməsi olduğu bildirilir. Bu əməliyyatdan sonra ştatın müxtəlif bölgələrində silahlı qarşıdurmalar, yanğınlar və təxribat xarakterli hücumlar artıb.
Xalisko ştatının İctimai Təhlükəsizlik Katibi Xuan Pablo Hernandez açıqlamasında bildirib ki, qaçan məhkumların saxlanılması üçün federal qurumlara artıq xəbərdarlıq göndərilib: “Qaçan məhbusların hər biri barədə məlumat federal strukturlara çatdırılıb və onların tapılıb tutulması üçün axtarış tədbirləri genişləndirilib”.
Həbsxanaya hücum edilib, bir mühafizəçi həlak olub
Hadisə şahidlərinin sözlərinə görə, iğtişaşçılar həbsxananı atəşə tutub və avtomobillə darvazanı sındıraraq içəri daxil olublar.
Silahlı hücum nəticəsində müəssisənin mühafizəçilərindən biri həyatını itirib. Hücumun dəqiq motivləri araşdırılır, lakin ilkin versiyaya görə, məqsəd məhz məhkumların qaçmasına şərait yaratmaq olub. Hazırda bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və əlavə polis qüvvələri cəlb olunub.





