“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun həyat yoldaşı Könül Qurbanova ilə birlikdə ictimai tədbirdə iştirak etməsi sosial şəbəkələrdə geniş müzakirə olunub. Cütlüyün görüntüləri qısa müddətdə böyük maraq doğurub.
Mədəni tədbirdə iştirak
Məlumata görə, Qurban Qurbanov və həyat yoldaşı “Cəlil İşığı” adlı monoloqun premyerasına qatılıblar. Tamaşa Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirin bir hissəsi kimi səhnələşdirilib və görkəmli yazıçı, satirik publisist Cəlil Məmmədquluzadənin irsinə ithaf olunub.
Səhnə əsərinin nümayişindən sonra tədbir poeziya gecəsi ilə davam edib. Gecədə tanınmış Azərbaycan şairlərinin yaradıcılığından nümunələr səsləndirilib. Müəllimlər və şagirdlər tərəfindən təqdim olunan poetik kompozisiyalarda Səməd Vurğun, Nəbi Xəzri, Mikayıl Müşfiq, Musa Yaqub, Ramiz Rövşən və Hamlet İsaxanlının şeirləri oxunub.
Baş məşqçinin ailəsi ilə birlikdə mədəni tədbirdə görünməsi az-az rast gəlinən hadisə olduğundan sosial şəbəkələrdə diqqət çəkib. İzləyicilər Qurban Qurbanovun mədəniyyətə və ədəbi irsə olan münasibətini yüksək qiymətləndiriblər.






