Milli Məclisin 2-3 dekabrda baş tutacaq plenar iclaslarının gündəliyi müəyyənləşib. Əsas mövzular arasında 2026-cı il dövlət büdcəsi zərfinin ikinci oxunuşu yer alır. Gündəlikdə dövlət büdcəsi, sosial müdafiə və işsizlik fondlarının büdcələri, yaşayış minimumu və ehtiyac meyarının həddi kimi vacib qanun layihələri daxildir.
Gündəliyin əsas maddələri:
- “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş). Gəlirlər 38,6 milyard manat, xərclər 41,7 milyard manat, kəsir isə 3,09 milyard manat proqnozlaşdırılır. Qeyri-neft gəlirləri 22,2 milyard manatla 10,6 faiz artacaq.
- “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş).
- “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş).
- “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (ikinci oxunuş).
- “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (ikinci oxunuş).
Gündəliyə həmçinin Vergi Məcəlləsi, sosial sığorta, tibbi sığorta, dövlət rüsumu, gömrük tarifi, nağdsız hesablaşmalar və əlilliyi olan şəxslərin hüquqları barədə qanunlarda dəyişikliklər daxildir (ikinci oxunuş). Büdcə xərclərinin 60,3 faizi cari xərclərə, 24,6 faizi əmək haqqı ödənişlərinə yönəldiləcək. Azad edilmiş ərazilərin bərpası və yaşıl enerji prioritetlərdir.





