Bu gün Milli Məclisin plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə dair layihələr müzakirəyə çıxarılıb. Parlamentin gündəliyinə daxil edilən 8 qanun və qərar layihəsinin müzakirəsində Baş nazir Əli Əsədov və digər hökumət üzvləri iştirak edir.
Gələn il üçün büdcənin gəlirlərinin 38 milyard 609 milyon manat, yəni 2025-ci ilin təsdiqlənmiş proqnozuna nisbətən 0,7% çox olması nəzərdə tutulur. Eyni zamanda xərclərin 41 milyard 703,6 milyon manat, yəni 0,7% artacağı gözlənilir. Bu nəticələrə əsasən dövlət büdcəsində 3 milyard 94,6 milyon manatlıq kəsir yaranacağı, bu göstəricinin illik müqayisədə 1,4% artım göstərəcəyi proqnozlaşdırılır.
İcmal büdcə üzrə isə 2026-ci ildə gəlirlərin 44 milyard 969,4 milyon manat, xərclərin isə 48 milyard 839,3 milyon manat olacağı proqnozlaşdırılır. Bu isə 2025-ci ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 2,3% və 2,5% artımı əks etdirir. Nəticədə icmal büdcədə 3 milyard 869,3 milyon manatlıq kəsirin formalaşacağı və bu göstəricinin illik müqayisədə 5,2% çoxalacağı gözlənilir.
Büdcə hesablamalarında neftin bir barelinin qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.





