“Mücrü” Nəşriyyatının direktoru və tanınmış yazıçı-naşir Müşfiq Feyziyev (Müşfiq Xan) növbəti dəfə bədbəxt hadisə ilə üzləşib.
“Daylinews-az” xəbər verir ki, hadisə noyabrın 5-i səhərə yaxın Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. Elektrik naqillərində baş verən qısaqapanma nəticəsində ikimərtəbəli evin mansard hissəsində yanğın başlayıb və alov qısa müddətdə bütün evi əhatə edib.
Yanğın baş verən anda Müşfiq Xan ailəsi ilə birgə evdə olub. Xoşbəxtlikdən, vaxtında müdaxilə edərək ailə üzvlərini evdən çıxara bilib və heç kim xəsarət almayıb. Ancaq evdəki bütün əşyalar yanaraq külə dönüb.
Eyni zamanda, “Mücrü” nəşriyyatının anbarı da həmin evdə yerləşirdi. Yanğın nəticəsində anbarda saxlanılan bütün kitablar və digər əşyalar məhv olub, bu da nəşriyyata ciddi maliyyə ziyanı vurub. Hadisədən sonra yazıçının yaxınları və dostları ona dəstək məqsədilə kampaniya başladıb.
Qeyd edək ki, bu, Müşfiq Xanın üzləşdiyi ikinci oxşar hadisədir. Bu ilin yayında da “Mücrü” nəşriyyatının anbarında yanğın baş vermişdi.