Myanmanın mərkəzində 28 mart tarixində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1600 nəfəri keçib, 2 376 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Axtarış-xilasetmə işləri hələ də davam edir.
The Guardian nəşrinin yazdığına görə, ən çox insan itkisi episentrə yaxın ərazidə yerləşən Mandalay şəhərində qeydə alınıb. ABŞ Geoloji Xidməti zəlzələnin 7,7 bal gücündə olduğunu və bunun ardınca ən azı 14 yeraltı təkanın baş verdiyini bildirib. Onlardan ən güclüsü 6,7 bal olub və ilkin təcili zəlzələdən cəmi 10 dəqiqə sonra baş verib.
CNN-ə danışan geoloqun sözlərinə görə, bu zəlzələ 334 atom bombasının partlayışına bərabər enerji buraxıb. Yeraltı təkanlar yalnız Myanma ilə məhdudlaşmayıb – Tailandın Bangkok və Çianqmay şəhərlərində, həmçinin Çinin Yunnan və Quanqsi vilayətlərində də hiss olunub.
Mütəxəssislər bildirirlər ki, Hind plitəsinin Avrasiya plitəsinə toqquşması səbəbilə yeraltı təkanlar hələ aylarla davam edə bilər. Xatırladaq ki, 28 martda baş vermiş bu təbii fəlakət Myanma ilə yanaşı digər ölkələrdə də binaların dağılmasına səbəb olmuşdu.





