“Edmonton Oylers” və “Veqas Qolden Nayts” komandaları arasında keçirilən Milli Hokkey Liqası (NHL) oyunu zamanı qeyri-adi hadisə yaşanıb. Azarkeşlərdən biri qarşılaşma gedişatında övladını dünyaya gətirib.
Daylinews-az.com xəbər verir ki, bu barədə oyunun şərhçisi Cek Maykls canlı yayımda məlumat verib.
Şərhçinin sözlərinə görə, doğum prosesi “Oylers” klubunun Kanadanın Edmonton şəhərindəki ev arenası olan “Rodcers Pleys” ərazisində baş tutub. Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.
Xatırladaq ki, aprelin 5-nə keçən gecə baş tutan oyun “Veqas”ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman arenalarında körpənin dünyaya gəlməsi ilk belə hal deyil. Oxşar hadisə 2023-cü ildə NFL çərçivəsində keçirilən “Klivlend” – “İndianapolis” matçında, 2015-ci ildə isə San-Dieqoda “Cants” və “Padres” beysbol komandalarının görüşü zamanı qeydə alınıb.





