Azərbaycan və Belarus tərəfindən verilən sürücülük vəsiqələri hər iki ölkə ərazisində qarşılıqlı əsasda tanınacaq.
Daylinews-az.com xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, habelə İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiqi barədə qanun layihəsində əksini tapıb.
Saziş rəsmən təsdiq edildikdən sonra hər iki dövlətin vətəndaşları sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi imkanından yararlana biləcəklər. Sənədin imzalanmasında əsas məqsəd iki ölkə arasında avtomobil daşımalarının təhlükəsizliyini artırmaq, yol hərəkəti qaydalarını təkmilləşdirmək və vətəndaşların hərəkət rahatlığını təmin etməkdir.
Razılaşmaya əsasən, tərəflər bir-birinin səlahiyyətli orqanları tərəfindən milli qanunvericiliyə uyğun olaraq verilmiş daimi və etibarlı sürücülük vəsiqələrini tanıyacaqlar. Sazişin müddəaları aşağıdakı məsələləri tənzimləyir:
- İxtisas imtahanı vermədən sürücülük vəsiqələrinin dəyişdirilməsi hüququ;
- Müraciət qaydaları və müəyyən edilmiş daxili rüsumların ödənilməsi;
- Sürücülük vəsiqələrinin ekvivalentliyi (uyğunluğu) və nümunələrin mübadiləsi;
- Səlahiyyətli orqanların müəyyənləşdirilməsi və zəruri məlumatların ötürülməsi;
- Mübahisəli məsələlərin həlli və digər texniki prosedurlar.





