Eyni ailədə böyüyən bacı və qardaşların yaşlanma sürətinin fərqli olması tez-tez müşahidə olunan haldır. Bəzən bir ailənin üzvləri eyni genetik irsə malik olsa da, onların bioloji yaşı və orqanizmin qocalma tempi fərqli ola bilər. Mütəxəssislərin fikrincə, bu fərqin səbəbi təkcə həyat tərzi deyil, həm də genetika və ətraf mühit amillərinin qarşılıqlı təsiridir.
Araşdırmalara görə, qocalma prosesinin təxminən 55 faizi genetik faktorlarla əlaqəlidir. Qalan hissə isə insanın gündəlik həyat tərzi, qidalanma, fiziki aktivlik, stress səviyyəsi və yaşayış mühitindən asılıdır. Buna görə də eyni ailədə doğulmuş insanlar fərqli sürətlə yaşlana bilirlər.
Genetiklərin sözlərinə görə, hətta genetik baxımdan demək olar ki, eyni olan bir yumurta əkizlərində belə fərqlər yarana bilər. Əgər onlar müxtəlif həyat şəraitində yaşayırsa, qocalma prosesi də fərqli templə gedə bilər.
Genetik xüsusiyyətlər bəzi insanlara üstünlük verə bilər – məsələn, daha yaxşı maddələr mübadiləsi və ya ürək-damar xəstəliklərinə qarşı daha yüksək davamlılıq. Lakin bu üstünlüklər sağlam olmayan həyat tərzi nəticəsində asanlıqla zəifləyə bilər.
Qocalma prosesinə təsir edən amillər
Mütəxəssislər bildirirlər ki, qocalma prosesi əslində insan doğulduğu andan başlayır. Hüceyrələr daim yenilənir, lakin yaş artdıqca DNT-nin bərpa mexanizmləri əvvəlki kimi effektiv işləməyə bilər. Nəticədə hüceyrələrdə zədələnmələr yığılır, immun sisteminin fəaliyyəti zəifləyir və orqanizmdə köhnəlmiş elementlərin təmizlənməsi prosesi ləngiyir.
Genetiklərin sözlərinə görə, həyat tərzi bu prosesə ciddi təsir göstərir. Məsələn, həddindən artıq qidalanma və ya hərəkətsiz həyat tərzi orqanizmdə mənfi dəyişiklikləri sürətləndirə bilər. Mütəxəssis bu barədə belə deyir:
“Əgər insan orqanizmin ehtiyacından təxminən 1500 kalori artıq qəbul edirsə, genetika bu təsiri kompensasiya edə bilməz”.
Bundan başqa, bioloji yaş anlayışı da hər kəs üçün eyni şəkildə müəyyən edilmir. Bəzi hallarda insan xarici görünüşcə gənc təsir bağışlasa da, daxili orqanlarda yaşlanma daha sürətli gedə bilər. Digər tərəfdən, bəzi insanlarda əks vəziyyət də müşahidə olunur.
Qocalma prosesini tam dayandırmaq hazırda mümkün olmasa da, mütəxəssislər sağlam həyat tərzinin bu prosesi xeyli ləngidə biləcəyini vurğulayırlar.
Çəkiyə nəzarət, müntəzəm fiziki məşqlər – xüsusilə güc və kardio məşqləri – balanslı qidalanma və xroniki stressin azaldılması uzunömürlülüyə müsbət təsir göstərən əsas amillər hesab olunur.





