Hollywood-da Oskar mərasiminə sayılı günlər qaldığı bir vaxtda Timothée Chalamet ətrafında yaranan qalmaqal geniş müzakirələrə səbəb olub.
İki həftə əvvəl yayımlanan müsahibəsində aktyorun opera və balet haqqında səsləndirdiyi fikirlər sənət ictimaiyyətində böyük narazılıq yaradıb və mükafat şanslarına təsir göstərə biləcəyi ehtimal olunur.
Şalamenin sözləri niyə hiddət doğurdu?
Şalame “Interstellar” filmində atasını canlandıran Matthew McConaughey ilə söhbətində kino sənayesinin yalnız dar auditoriya üçün deyil, kütlələr üçün əlçatan olmalı olduğunu vurğulamaq istəyirdi. Lakin fikri belə səsləndi:
“Mən baletdə, operada və başqa sahələrdə işləmək istəmirəm, harda deyirlər ki, ‘Gəlin bu sahəni yaşadaq, baxmayaraq ki, artıq heç kim bununla maraqlanmır’.”
Dərhal bunun uğursuz ifadə olduğunu anlayan aktyor əlavə edib:
“Opera və baletə tam hörmətim var… Görünür, indi heç bir səbəb olmadan onları incitdim.”
Sosial şəbəkələrdə və sənət cameəsində reaksiya gecikmədi. ABŞ-ın tanınmış opera ifaçısı İzabel Leonard bildirib:
“Bu cür ucuz istehzalar onun xarakteri barədə çox şey deyir.”
Seattle Opera isə qalmaqaldan kreativ şəkildə yararlanaraq “Carmen” tamaşasına 14% endirim elan edib və promokod kimi TIMOTHEE seçib.
Müzakirələr fonunda statistika da xatırladıldı: ABŞ-da opera ziyarətçilərinin payı 2017-ci ildə 2,2% idisə, 2022-ci ildə bu rəqəm 0,7%-ə düşüb. Balet və rəqs tamaşalarının auditoriyası isə 8,2%-dən 4,7%-ə enib.
Oskar şansları təhlükədədir?
Qalmaqalın Oskar səsverməsi ilə eyni dövrə təsadüf etməsi diqqətdən yayınmayıb. Şalame “Martha Supreme” filmindəki roluna görə “Ən yaxşı kişi aktoru” nominasiyasının favoriti sayılırdı. Lakin səs-küyün səsvermənin son günlərinə təsadüf etməsi spekulyasiyalara yol açıb. Aktyorun ən böyük fan səhifəsi — Club Chalamet — bunun qara PR kampaniyası ola biləcəyini iddia edir.
Variety jurnalının London bürosunun rəhbəri Aleks Ritman isə hesab edir ki, qalmaqalın zirvəsi artıq səsvermə bitəndən sonra yaşanıb, buna görə real nəticələrə təsiri az olacaq. Bununla belə, Şalame artıq iki mühüm mükafat — BAFTA və Actors Awards — uğrunda mübarizədə qalib gələ bilməyib.
Ötən il aktyor Oskar tarixinin ən gənc qalibi olmağa çox yaxın idi. Bu il 30 yaşlı Şalame, əgər qalib gəlsə, ən gənc ikinci aktyor kimi tarixə düşə bilər.





