Azərbaycanda qanunsuz onlayn qumar fəaliyyətinə qarşı keçirilən əməliyyat nəticəsində dörd nəfər saxlanılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, həmin şəxslər sosial şəbəkələr vasitəsilə onlayn kazino oyunları təşkil etməkdə şübhəli bilinirlər.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internet resurslarında və sosial platformalarda fəaliyyət göstərən qanunsuz qumar şəbəkələrinə qarşı əməliyyat-texniki tədbirləri davam etdirir.
Keçirilən növbəti əməliyyat zamanı bu fəaliyyətlə əlaqəli olduğu ehtimal edilən Polad Abdullayev, Sənan Hacızadə, Toğrul Kazımov və Cəfər Bəyəliyev saxlanılıb.
Sosial şəbəkələr vasitəsilə istifadəçiləri cəlb ediblər
İstintaq zamanı müəyyən olunub ki, saxlanılan şəxslər xaricdə idarə olunan qanunsuz qumar platformaları ilə əlaqə quraraq ölkə daxilində virtual kassalar yaradıblar.
Daha sonra sosial şəbəkələrdə açdıqları müxtəlif səhifələr vasitəsilə istifadəçiləri həmin oyunlara cəlb ediblər. Araşdırmalara əsasən, şübhəli şəxslər aşağıdakı səhifələr üzərindən fəaliyyət göstəriblər:
- “Milan”
- “Sevinc”
- “Rahat”
- “Texas 777”
Bu səhifələr vasitəsilə istifadəçilərlə əlaqə saxlanılıb, onlara onlayn kazino oyunlarında iştirak təklif olunub və qanunsuz qumar fəaliyyətinə cəlb ediliblər.
Saxlanılan şəxslərin yaşadıqları ünvanlarda aparılan axtarış zamanı müxtəlif elektron daşıyıcılar, qanunsuz kazino əməliyyatlarında istifadə edilən bank kartları və mobil nömrələr aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanıb. Polad Abdullayev, Sənan Hacızadə, Toğrul Kazımov və Cəfər Bəyəliyev barəsində cinayət məsuliyyəti tədbirləri görülüb və məhkəmənin qərarı ilə onlar haqqında həbs qətimkan tədbiri seçilib.

DİN vətəndaşlara xəbərdarlıq etdi
Daxili İşlər Nazirliyi vətəndaşlara internetdə yayılan qanunsuz qumar və kazino platformalarından uzaq durmağı tövsiyə edir. Qurumun açıqlamasında qeyd olunur:
“Bu cür platformalar əksər hallarda kiberdələduzluq məqsədilə yaradılır və nəticədə istifadəçilərin bank kartı və şəxsi məlumatları ələ keçirilir. Qanunsuz onlayn kazino və qumar oyunlarında iştirak həm maliyyə itkisi, həm də hüquqi məsuliyyət riski yaradır.
Odur ki, hər kəsə lisenziyasız onlayn kazino və mərc saytlarına daxil olmamağı, sosial şəbəkələrdə bu tip oyunların reklam və “asan qazanc” vədlərinə inanmamağı, şübhəli hesab və platformalar barədə isə polis orqanlarına məlumat verməyi tövsiyə edirik”.
Qurum həmçinin vətəndaşlara xatırladıb ki, kiberməkanda ehtiyatlı davranmaq şəxsi məlumatların və maliyyə vəsaitlərinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.





