Avropa Komissiyası 2035-ci ilə qədər Aİ ilə həmsərhəd regionlarda enerji infrastrukturunun gücləndirilməsi layihələrinə geniş dəstək verəcəyini bəyan edib. Qara Dəniz Sualtı Kabel Layihəsi Gürcüstan və Rumıniyanın birgə təqdim etdiyi təkliflər arasında Aİ-nin qarşılıqlı maraq doğuran layihələr siyahısına daxil olub.
Layihə Avropa Enerji İttifaqının dəstəkləyici sənədi ilə təqdim edilib və texniki-iqtisadi əsaslandırma mərhələsindən uğurla keçib. Dekabrın 1-də Avropa Komissiyası normativ akt qəbul edərək siyahını təsdiqləyib. Bu status layihəyə hüquqi asanlaşdırmalar, maliyyə qrantları və sürətləndirilmiş prosedurlar təmin edəcək.
“Qara Dəniz Kabel Layihəsinin qarşılıqlı maraq doğuran layihə siyahısına daxil edilməsi, onun strateji, hüquqi və iqtisadi dəstək alacağını təmin edir. Bu, layihəni dəstəkləməyə hazır olduğunu təsdiqləyən ilk hüquqi sənəddir”.
Layihə 1155 km (1115 km sualtı, 40 km yerüstü) uzunluğunda 1300 MVt gücündə enerji xətti quracaq. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirakı ilə 2022-ci ildə saziş imzalanmışdır. İtaliyanın CESI şirkəti texniki mümkünlüyü təsdiqləyib, ENTSO-E-nin 2026-2036 Onillik Planına daxildir. Layihə region tranzitini gücləndirəcək və bərpa olunan enerji ixracını artıracaq.





