Azərbaycanın aparıcı futbol klubu “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti sınağına çıxacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu dəfə Neapolda, “Stadio Diego Armando Maradona”da İtaliya nəhəngi “Napoli”yə qarşı vacib matça çıxacaq.
Beşinci turun qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Matçın idarə olunması FIFA referisi, polşalı Şimon Marçinyaka tapşırılıb. Hal-hazırda “Qarabağ” turnir cədvəlində 7 xalla 15-ci pillədə qərarlaşıb, “Napoli” isə 4 xal toplayaraq 24-cü sıradadır.
Qrup mərhələsi boyunca “Qarabağ” Portuqaliyanın “Benfika” (3:2) və Danimarkanın “Kopenhagen” (2:0) klublarına qalib gəlib, İspaniyada “Atletik”ə 1:3 hesabı ilə məğlub olub, Bakıda isə İngiltərənin “Çelsi”si ilə 2:2 bərabərə qalıb. Komandanın bu dəfə səfərdə səviyyəli rəqibə qarşı uğurlu çıxışı turnirdə növbəti pilləyə yüksəlmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan azarkeşləri bu qarşılaşmadan yüksək nəticə və maraqlı futbol gözləyir.





